ASTARADA 31 MART-AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLMİŞDİR
Astara, 30 mart (AZƏRTAC). Astara Rayon İcra Hakimiyyətində 31 mart-Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş toplantı keçirilmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev iki yüz ilə yaxın bir dövrdə erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı tariximizin faciəli səhifəsi kimi qiymətləndirmiş, soyqırım nəticəsində yüzminlərlə soydaşımızın qətlə yetirildiyini, terror və təcavüzlərə məruz qaldığını, doğma torpaqlarından deportasiya olunduğunu, bu təcavüzkar siyasətin indi də məqsədyönlü şəkildə davam etdirildiyini bildirmişdir.
Ümummilli liderimizin 1998-ci il 26 mart tarixli Fərmanı ilə Azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini vurğulayan M.Quliyev bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Mərasimdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon icra hakimiyyəti aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Azər Abdullayev azərbaycanlıların soyqırımı ilə bağlı məruzə etmişdir.
Toplantıda çıxış edənlər erməni millətçilərinin azərbaycanlılara qarşı mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə və soyqırım siyasətini pisləyərək dünyanın nüfuzlu beynəlxalq təşkilatlarından Azərbaycanlıların soyqırımına hüquqi və siyasi qiymət verilməsini, öz doğma torpaqlarından deportasiya edilmiş soydaşlarımızın əzəli torpaqlarına qaytarılmasını tələb etmişlər.