Azərbaycan Dillər Universitetində qış imtahan sessiyası uğurla davam edir
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) 2020-2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir.
ADU-dan AZƏRTAC-a bildirilib ki, bakalavriat səviyyəsində 430, magistratura səviyyəsində 84 qrup üzrə 6444 tələbə imtahan verib. İmtahanlar “Microsoft Teams” platforması üzərindən müxtəlif kurslar üzrə gün ərzində üç növbədə təşkil olunur. 2020-2021-ci tədris ilinin qış imtahan sessiyasında tələbələrin 99 faizi iştirak edib. 6444 tələbədən qeyri-kafi qiymət alan yoxdur. 1345 tələbə imtahanları əla qiymətlərlə (91-100 bal) başa vurub.
Universitetin Tədris hissəsi, Tələbə qeydiyyatı və biliyin qiymətləndirilməsi şöbəsi, Keyfiyyətin təminatı və monitorinq şöbəsi və fakültə dekanlıqları imtahanlara birbaşa nəzarət edir. İndiyədək hər hansı pozuntuya rast gəlinməyib. İmtahanlarda üzrlü səbəblərdən iştirak etməyən tələbələr üçün sessiyanın sonunda əlavə imtahanlar təşkil olunması nəzərdə tutulur.
ADU-nun rektoru, akademik Kamal Abdullanın sədrliyi ilə Operativ Qərargah fəaliyyət göstərir. Sessiya müddətində qərargaha hər hansı şikayət daxil olmayıb.