Azərbaycan İlahiyyat İnstitutunda qış imtahan sessiyası sona çatıb
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2020/2021-ci tədris ilinin bakalavriat və magistratura səviyyələri üzrə payız semestrinin qış imtahan sessiyası sona çatıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, dörd həftə davam edən sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq “Microsoft Teams” platforması üzərindən onlayn, əsasən, şifahi, ehtiyac olduğu təqdirdə isə yazılı formada həyata keçirilib. Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində olduğu kimi Aİİ-də də cari ilin payız semestri distant formada, Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq, “Microsoft Teams” platforması üzərindən təşkil edilib. Tələbələrin imtahanlarda fəal iştirakı üçün Elmi şuranın qərarına əsasən bir sıra güzəşt tətbiq olunub. Belə ki, cari ilin payız semestri üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi zamanı onlayn dərslərdə iştirak edən tələbə və magistrantlar tədris prosesində əldə etdikləri nəticələr əsasında qiymətləndiriliblər. Dərsə davamiyyətindən asılı olmayaraq, bütün tələbələr imtahanlara buraxılıblar. İmtahanlara giriş üçün tələbələrə ən azı 20 bal müəyyənləşdirilib.
Qeyri-ixtisas fənləri (mülki müdafiə, informatika və kompüter texnologiyası və multikulturalizmə giriş) üzrə imtahanlar ləğv olunub. Həmin fənlər üzrə tələbələrin qiymətləndirilmələri təhsil müddətində əldə etdikləri nəticələr (ümumi orta müvəffəqiyyət göstəricisi) əsasında hesablanıb.
İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmini, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə ali təhsil müəssisəsində Qərargah və onun nəzdində Apelyasiya Komissiyası yaradılıb. İmtahan sessiyasının gedişi dekanlıq, tədris şöbəsi və aidiyyəti kafedralar tərəfindən “Microsoft Teams” platforması üzərindən izlənilib.
Qeyd edək ki, imtahan sessiyası müddətində əldə etdikləri nəticələrə (ÜOMG) əsasən təhsilalanlara tələbə təqaüdü ilə yanaşı, Aİİ-də təsis olunmuş Heydər Əliyev adına təqaüd, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsis edilmiş Şeyxülislam adına və Vasim Məmmədəliyev adına təqaüd veriləcək.