Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi artırılır
Bakı, 18 aprel (AZƏRTAC). Xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsinin 2003-cü ildən etibarən 478 min hektardan 1 milyon 132,5 min hektaradək artırılması nəticəsində 10 milli park, biosfer rezervat, 11 qoruq və 24 yasaqlıqdan ibarət şəbəkə ölkə ərazisinin 13,1 faizini təşkil edəcəkdir ki, bu da dünyada qəbul olunmuş orta səviyyədən 11-12 faiz artıqdır. Bu prosesdə bu gün biz Samur-Yalama Milli Parkının, Qızılağac Dənizkənarı Milli Parkının və Zaqatala-Balakən Biosfer Rezervatının formalaşdırılması prosesinin yekun mərhələsindəyik.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Nazirlər Kabinetinin iclasında çıxış edərkən bildirmişdir.
Nazir demişdir ki, əsas diqqət xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun daha da yaxşılaşdırılması, biomüxtəlifliyin səmərəli mühafizəsi və bərpası işlərinin daha da sürətləndirilməsi üzərində cəmləşəcəkdir.
H.Bağırov diqqətə çatdırmışdır ki, sahəsi 130 min hektar olan Şahdağ Milli Parkının inzibati kompleksinin tikintisi sona çatmaq üzrədir, altı inzibati rayonda ekoturizm-məlumat və milli parkın giriş-çıxış mərkəzlərinin tikintisi aparılır.
Vəhşi təbiətin mühafizəsi istiqamətində aparılan işlərin davam etdirildiyini söyləyən nazir demişdir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 2010-cu ildən etibarən ceyranların tarixi ərazilərinə reintroduksiyası layihəsinə başlanmış, bu günədək 100-dək ceyran öz tarixi arealına buraxılmışdır. Hazırda Azərbaycanda 1975-ci ildə nəsli kəsilmiş vəhşi bizonun tarixən məskunlaşdığı Şahdağ Milli Parkının ərazisinə reintroduksiyası imkanları üzərində iş aparılır.