Azərbaycanlı gənclər Polşada Xocalı faciəsi ilə əlaqədar aksiya keçirmişlər
Bakı, 28 fevral (AZƏRTAC). Polşanın Varşava və Vrotslav şəhərlərində yaşayan azərbaycanlı gənclər hər il olduğu kimi, bu il də Xocalı soyqırımı ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə aksiya keçirmişlər.
Azərbaycan Respublikasının Polşadakı səfirliyindən AZƏRTAC-a bildirilmişdir ki, Varşava şəhərində təhsil alan tələbələr Vistula Maliyyə və Biznes Akademiyasında Xocalı faciəsini əks etdirən stend quraşdırmış, soyqırımı ilə bağı fotolar və məlumat kitabçaları akademiyanın müəllimlərinə və tələbələrinə paylanmışdır. Bundan başqa, tələbələr Varşavanın mərkəzində toplaşaraq şəhər sakinlərinə Xocalı soyqırımı haqqında məlumat vermişlər. Tələbələrin payladıqları broşürlər və kitabçalar, həmçinin onların nümayiş etdirdikləri kiçik səhnəcik yerli sakinlərin və şəhərin qonaqlarının marağına səbəb olmuşdur.
Həmçinin Vrotslavda təhsil alan 20-yə yaxın tələbə şəhərin insanların çox olduğu “Stare Miasto” (Köhnə şəhər) hissəsində toplaşaraq Azərbaycan bayrağını dalğalandırmış, Xocalı soyqırımını əks etdirən plakatlarla və şəkillərlə sakinlərin diqqətini faciəyə cəlb etmişlər. Gənclər şəhər sakinlərinə polyak dilində hazırlanmış broşürlər paylamış, Xocalı soyqırımı haqqında məlumat verərək, onların tariximizlə bağlı suallarına cavab vermişlər.
Aksiyada azərbaycanlı tələbələrlə yanaşı, Ukrayna, Macarıstan və Polşa vətəndaşları da iştirak etmişlər.
Aksiyada səfirlik tərəfindən polyak dilində Xocalı faciəsi ilə bağlı hazırlanmış broşürlər şəhər sakinlərinə paylanmışdır.