Bakıda mehmanxana investisiya konfransı keçiriləcəkdir
Bakı, 29 iyul (AZƏRTAC). Qonaqpərvərlik üzrə Beynəlxalq Konsaltinq Təşkilatı (HVS) Bakıda MDB ölkələri üzrə Birinci Mehmanxana İnvestisiya Konfransı (İCON-2012) təşkil edəcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, məqsəd regionda qonaqpərvərlik sektorunun və investisiya mühitinin inkişafına nail olmaqdır.
Tədbirin sentyabrın 18-19-da “JW Marriott Absheron Baku” otelində keçirilməsi nəzərdə tutulur.
Qonaqpərvərlik üzrə Beynəlxalq Konsaltinq Təşkilatı uzun illərdir ki, öz tədqiqat və təhlillərinə əsasən, mehmanxana sektorunun problemlərinin həllinə nail olur, MDB ölkələrinin bu sahədə yüksək nailiyyət əldə etməsinə yardım edir. 1980-ci ildən fəaliyyət göstərən təşkilatın beynəlxalq şəbəkəsində 32 ofisi mövcuddur. Burada 350 nəfərdən artıq peşəkar mütəxəssis çalışır.
İCON beynəlxalq investor və operatorları, nüfuzlu regional ekspertləri, eyni zamanda, MDB ölkələrində qonaqpərvərlik sahəsində tanınmış şirkətləri birləşdirir.
Bakıda keçiriləcək “İCON-2012”də mehmanxana sektorunun dünyada tanınmış ən nüfuzlu nümayəndələri təmsil olunacaqlar. Buraya “CEO Kempinski Hotels & Resorts” prezidentinin şəxsi məsləhətçisi Gianni van Daalen, “Cushman & Wakefield”in qonaqpərvərlik şöbəsinin müdiri David Jenkins, “HVS Global Hospitality Services - Moscow”nun direktoru Tatyana Beller, Qazaxıstan Turizm Assosiasiyasının icraçı direktoru və bu ölkədə fəaliyyət göstərən Mehmanxana və Restoranlar Assosiasiyasının prezidenti Rəşidə Şaykenova və digər tanınmış otellər şəbəkəsinin nümayəndələri daxildirlər.
Mütəxəssislərin fikrincə, İCON konfransı HVS tərəfindən təklif edilən etibarlı platforma, gələcək tendensiya və təcrübələr yolunda mühüm addım olacaqdır.