İDMAN
Beynəlxalq Cüdo Federasiyası: Azərbaycan dünyada aparıcı cüdo ölkələrindəndir
Bakı, 20 iyul, AZƏRTAC
Beynəlxalq Cüdo Federasiyasının (IJF) internet saytında Azərbaycan Prezidenti İlham Əliyevin IJF-in prezidenti Marius Vizeri qəbul etməsinə həsr olunan məqalə yerləşdirilib.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin dünyada cüdo idman növünün ən önəmli dəstəkçilərindən biri olması və bu idman növünün inkişafına xüsusi diqqət yetirməsi qeyd edilib.
Vurğulanır ki, dünya cüdosunun aparıcı ölkələrindən sayılan Azərbaycan hər il mühüm beynəlxalq yarışlar təşkil edir. Növbəti belə yarış noyabrın 4-6-da Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri olacaq.
Azərbaycan cüdoçularının Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, digər nüfuzlu beynəlxalq yarışlarda mütəmadi medallar qazandıqlarının vurğulandığı məqalədə Nazim Hüseynovun və Elnur Məmmədlinin Olimpiya Oyunlarında əldə etdikləri qızıl medallar, Elxan Məmmədovun dünya birincisi olması, hazırda da karyeralarını davam etdirən Rüstəm Orucov, Elmar Qasımov və Hidayət Heydərovun nailiyyətləri xüsusi qeyd olunub. Həmçinin ikiqat Paralimpiya çempionu İlham Zəkiyevin də Azərbaycan cüdosunun tarixində önəmli iz buraxdığı diqqətə çatdırılıb.
Yazıda bildirilib ki, Beynəlxalq Cüdo Federasiyasının Yeni Texnologiyalar və Yüksək Məhsuldarlıq Komissiyasının da sədri olan Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyevin liderliyi ilə ölkədə cüdonun hərtərəfli inkişafı üçün önəmli layihələr həyata keçirilir. Xüsusilə uşaqlar və gənclər üçün cüdonun inkişaf etdirilməsi, cüdo dəyərlərinin onlar arasında təbliğ edilməsi istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.
Məqalədə bu il Azərbaycan cüdosunun 50 illik yubileyinin qeyd edildiyi vurğulanıb və Prezident İlham Əliyevin dəstəyi ilə Azərbaycanın dünya cüdo səhnəsində daha da parlayacağına əminlik ifadə olunub.