Cari ilin ötən dövründə Şəki xanlarının sarayını 11 minə yaxın turist ziyarət etmişdir
Şəki, 24 avqust (AZƏRTAC). Cari ilin ötən dövründə XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayını 11 min nəfərə yaxın turist, habelə rəsmi qonaqlar ziyarət etmişdir. Saraya gələnlərin 2200 nəfərini xarici turistlər təşkil etmişdir.
Sarayın yerləşdiyi “Yuxarı baş” Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva AZƏRTAC-a bildirmişdir ki, mayda Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin, iyunun sonu-iyulun əvvəlində Şəki şəhərində “İpək Yolu” III Beynəlxalq musiqi festivalının, iyulun 4-də sarayın 250 illiyi ilə bağlı yubiley tədbirlərinin, habelə iyulun sonu-avqustun əvvəlində Qəbələdə IV Beynəlxalq musiqi festivalının keçirildiyi günlərdə saraya turistlərin gəlişində xüsusilə böyük artım müşahidə olunmuşdur.
Qeyd edək ki, 2011-ci ildə Şəki xanlarının sarayını 11 min 842 nəfər yerli və xarici turist ziyarət etmişdir.
Qoruğun direktorunun bildirdiyinə görə, “Yuxarı baş” Dövlət Tarix Memarlıq Qoruğu 1967-ci ildə elan olunmuşdur. Qoruğun ümumi ərazisi 233 hektardır. Hazırda qoruğun ərazisində dövlət qeydiyyatına götürülmüş bir dünya əhəmiyyətli, on ölkə və on səkkiz yerli əhəmiyyətli tarix-memarlıq, arxeoloji, park-monumental və xatirə abidələri vardır.