Çexiyada Xocalı faciəsi qurbanlarının xatirəsinə orqan musiqisi konserti təşkil edilmişdir
Bakı, 28 fevral (AZƏRTAC). Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi və Azərbaycan Tələbə Şəbəkəsinin (ASN) bu ölkədəki nümayəndəliyinin təşkilatçılığı ilə Praqada yerləşən Lixtenşteyn sarayında Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının professoru Rasimə Babayevanın ifasında orqan musiqisi konserti təşkil edilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, konsertdə İohann Sebastyan Bax, Qara Qarayev, Nazim Əliverdibəyov, Aqşin Əlizadə, Ceyhun Allahverdiyev, Xəyyam Mirzəzadə və digər bəstəkarların əsərləri ifa edilmişdir.
Praqada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Çexiyanın siyasi xadimləri, incəsənət adamları, bu ölkədə yaşayan həmvətənlərimiz, təhsil alan azərbaycanlı və xarici tələbələr konsertdə tamaşaçı qismində iştirak etmişlər.
Bundan başqa, səfirliyin dəstəyi və ASN-in nümayəndəliyinin təşkilatçılığı ilə Praqanın mərkəzindəki “Respublika” meydanında Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Bununla əlaqədar quraşdırılmış çadırda tədbir boyu Xocalı soyqırımına dair sənədli film, eləcə də “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çəkilmiş klip nümayiş etdirilmiş, Heydər Əliyev Fondu tərəfindən təqdim edilmiş Xocalı soyqırımı ilə bağlı fotoşəkillərdən ibarət sərgi təşkil olunmuşdur.
Tədbirdə çıxış edən Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə Xocalı soyqırımı barədə məlumat vermişdir.
ASN-in Çexiyadakı nümayəndəsi Eldar Vəliyev çıxışında Çex Respublikası parlamentinin Deputatlar Palatasının xarici əlaqələr komitəsinin Xocalıda baş vermiş hadisələrə hüquqi qiymət verdiyini qeyd etmişdir.
Tədbirdə iştirakçılara Xocalı qətliamı ilə bağı çex dilində çap olunmuş materiallar paylanmış, onlara faciə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilmişdir.
Həmçinin Praqa şəhərinin mərkəzi meydanında Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar stendlər qurulmuş, faciəni əks etdirəm kadrlar, çarxlar nümayiş olunmuş, qətliamla bağlı ingilis və çex dillərində broşürlər, disklər və jurnallar paylanmışdır.