Daşkənddə “Böyük İpək Yolu ilə turizm” Beynəlxalq sərgisi keçirilmişdir
Daşkənd, 2 noyabr (AZƏRTAC). “Özbəkturizm” Milli Şirkəti və “Böyük İpək Yolu” Reklam Agentliyinin təşkilatçılığı ilə Daşkənddə “Böyük İpək Yolu ilə turizm” mövzusunda Beynəlxalq sərgi keçirilmişdir.
Sərgidə dünyanın 40 ölkəsindən 700-dən artıq turizm firma və şirkəti, bu sahənin mütəxəssisləri, ekspertlər iştirak etmişlər.
Azərbaycanı bu sərgidə Bakıdakı “Millennium” turizm şirkəti təmsil etmişdir.
Açılış mərasimində deyilmişdir ki, turizm bir çox ölkənin əsas gəlir mənbəyidir. Dünya Turizm Təşkilatının məlumatına görə, hazırda dünya üzrə turizm sahəsində 195 milyon insan çalışır. Turizm sahəsinin illik maliyyə dövriyyəsi 900 milyard dollardan artıqdır. Dünya iqtisadiyyatında turizm sahəsindən gələn gəlir avtomobil və neft-qaz sənayesindən sonra üçüncü yeri tutur.
Qeyd olunmuşdur ki, Özbəkistanın qədim Səmərqənd, Buxara, Xivə və Şəhrisabz şəhərləri UNESCO-nun Mədəni İrs Siyahısına salınmışdır və bu şəhərlərdə 4 mindən artıq tarixi və mədəni abidələr mövcuddur. Diqqətə çatdırılmışdır ki, 2011-ci ildə Özbəkistanı 1 milyondan artıq turist ziyarət etmişdir.
Azərbaycanın “Millennium” turizm şirkətinin rəhbəri Ruslan Quliyev bildirmişdir ki, sərgidə iştirak edən bir sıra turizm şirkətlərinin nümayəndələri ilə əlaqələrin genişləndirilməsinə dair danışıqlar apardıq. Azərbaycan dünyanın ən böyük turizm şirkətlərini maraqlandırır və əminəm ki, bu istiqamətdə apardığımız danışıqlar öz bəhrəsini verəcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd