Daşkənddə “Əlişir Nəvai dünya şərqşünaslarının gözü ilə” mövzusunda konfrans işə başlayıb
Daşkənd, 5 fevral, АZƏRTAC
Daşkənd Dövlət Şərqşünaslıq Universitetində “Əlişir Nəvai dünya şərqşünaslarının gözü ilə” mövzusunda ikigünlük konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransda universitetin professor-müəllim heyəti, tələbələr, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak edib.
Tədbiri universitetin rektoru, professor Gülçöhrə Rixsiyeva açaraq dünya şöhrətli şair Əlişir Nəvainin həyatı, yaradıcılığı və dövlət xadimi kimi fəaliyyəti barədə danışıb.
TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş katibinin müavini Mirvahid Əzimov, Türkiyənin Mərmərə Universitetinin rektoru Erol Ozvar, Xoca Bayram Vali Universitetinin rektoru Yusuf Tekib və başqaları Əlişir Nəvainin dünya ədəbiyyatı və mədəniyyətindəki yeri və mövqeyi haqqında söhbət açıblar.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ölkəmizdə Əlişir Nəvai irsinə böyük maraq olduğunu, onun kitablarının nəşr edildiyini, haqqında dissertasiyalar yazıldığını bildirib. Vurğulayıb ki, Nəvai böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sindən sonra tarixdə türk dilində “Xəmsə” yazan ikinci şair kimi qalıb.
Bakı Dövlət Universitetinin professoru Nisbət Mehdiyeva onlayn formatda “Nəvai və Azərbaycan” mövzusunda çıxış edib.
Konfrans işini davam etdirir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd