“Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarəedilməsi” - Qarabağ Universitetində konfrans
Bakı, 15 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Qarabağ Universitetində “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarəedilməsi” mövzusunda konfrans keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfransda Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi Nümayəndəliyinin, aidiyyəti nazirliklərin və dövlət qurumlarının mülki müdafiə sahəsi üzrə məsul şəxsləri, həmçinin yerli idarə və təşkilatların səlahiyyətli nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub.
Tədbirdən əvvəl iştirakçılar FHN-ə məxsus xüsusi kimya təyinatlı və fərdi mühafizə vasitələri, müasir radiasiya cihazları, eləcə də yanğınsöndürmə və xilasetmə texnikası ilə tanış olublar. Nazirliyin mütəxəssisləri qonaqlara avadanlıqların təyinatı, iş prinsipləri və fövqəladə hallar zamanı tətbiqi qaydaları barədə ətraflı məlumat veriblər.
Konfransda əvvəlcə FHN-in mülki müdafiə sahəsində fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov əhalinin təhlükəsizliyinin təmin edilməsində mülki müdafiə işinin əhəmiyyətindən danışıb, bu qəbildən olan tədbirlərin həmin sahənin inkişafına böyük töhfə verdiyini bildirib.
“Ekoloji risklərin idarəedilməsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti” mövzusunda çıxış edən FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Coğrafi İnformasiya Sistemləri Mərkəzinin direktoru İsmət Baxışov və Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu İdarə Heyətinin sədr müavini Rəşail İsmayılov çıxış edərək mülki müdafiə sahəsində qurumlararası qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıblar.
Konfransın yekununda tədbirdə təmsil olunan dövlət qurumlarının mülki müdafiə işinin təşkili sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən əməkdaşları FHN-in Fəxri fərmanı ilə təltif olunublar.