Ekoloji qanunvericiliyin tələblərinə əməl etməyənlər cərimələnmişlər
Bakı, 20 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları aprelin 1-dən 15-dək ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə araşdırma aparmışlar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 110 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün 49 müddətli məcburi göstəriş verilmişdir.
Ümumilikdə 28 iş üzrə 91 min 100 manat cərimə tətbiq edilmiş, təbiətə dəymiş ziyana görə 21 iş üzrə 2 min 188 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 162 iş üzrə 31 min 273 manat məbləğində ödəmə tətbiq olunmuşdur. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 7, icra qurumlarına isə 14 iş göndərilmişdir.
Su ehtiyatları üzrə 3 akt, 1 protokol tərtib olunmuş və 2 müddətli məcburi göstəriş verilmişdir.
Atmosfer havasının mühafizəsi üzrə 12 akt, 2 protokol tərtib olunmuş, icrası məcburi olan 9 göstəriş verilmiş, 2 iş üzrə 11 min 500 manat cərimə, 52 iş üzrə 6 min 931 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Torpaq ehtiyatları üzrə 4 akt, 2 protokol tərtib olunmuş, 1 müddətli məcburi göstəriş verilmiş, 2 iş üzrə 600 manat cərimə, 24 iş üzrə 2 min 49 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində 6 akt tərtib olunmuş və 5 müddətli məcburi göstəriş verilmişdir.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 26 akt, 9 protokol tərtib olunmuş, icrası məcburi olan 28 müddətli göstəriş verilmiş, 17 iş üzrə 27 min manat cərimə, 41 iş üzrə 18 min 27 manat ödəmə tətbiq edilmişdir.
Fauna və floranın mühafizəsi sahəsində 37 akt, 8 protokol tərtib olunmuş, 4 müddətli məcburi göstəriş verilmiş, 7 iş üzrə 52 min manat cərimə tətbiq edilmiş, dəymiş ziyana görə 17 iş üzrə 2 min 96 manat məbləğində iddia qaldırılmışdır.