Əlişir Nəvainin 580 illik yubileyinə həsr olunmuş konfransa Azərbaycan alimi də qatılıb
Daşkənd, 5 fevral, АZƏRTAC
Özbəkistan Elmlər Akademiyasının Dil, Ədəbiyyat və Folklor İnstitutu bu ölkənin Yazıçılar İttifaqı və Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyi ilə birgə böyük özbək şairi Əlişir Nəvainin 580 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə institutun direktoru, professor Nizomiddin Maxmudov çıxış edərək Əlişir Nəvainin həyat və yaradıcılığından, şairin özbək ədəbiyyatında mövqeyindən danışıb.
Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti, professor Baxrom Abduxalimov Əlişir Nəvaini dünya şöhrətli bir söz ustadı kimi xarakterizə edib.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova konfransa onlayn qatılıb. Onun Əlişir Nəvai yaradıcılığının Azərbaycanda öyrənilməsi, əsərlərinin nəşri məsələləri ilə bağlı məruzəsi maraqla qarşılanıb. Alim bildirib ki, Əlişir Nəvai dünya ədəbiyyatı tarixinə türk dilində “Xəmsə” yazan şair kimi düşüb.
Professorlar İbrahim Xakkul, Nurbay Jabbarov, Həmidulla Baltabayev və başqaları çıxışlarında Əlişir Nəvainin əsərləri haqqında fikirlərini bölüşüb, onun fəaliyyətini şair və dövlət xadimi kimi təhlil ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd