Fevralın 2-si Dünya Su-Bataqlıq Əraziləri Günüdür
Bakı, 2 fevral, AZƏRTAC
Suda üzən quşların qorunması məqsədilə hər il fevralın 2-si Dünya Su-Bataqlıq Əraziləri Günü (World Wetlands Day) kimi qeyd olunur.
1971-ci il fevralın 2-də Ramsar (İran) şəhərində su quşlarının əsas məskəni olan, beynəlxalq əhəmiyyət daşıyan su-bataqlıq əraziləri haqqında Konvensiya imzalanıb. Bu sənəd həmin vaxtdan etibarən Ramsar Konvensiyası adlanır. Dünya Su-Bataqlıq Əraziləri Günü ilk dəfə 1997-ci ildə qeyd edilib.
Ramsar Konvensiyasının əsas məqsədi dünyada davamlı inkişafa nail olmaq üçün bir vasitə kimi su-bataqlıq ərazilərinin qorunması və onlardan səmərəli istifadə edilməsidir. Günün mövzusu da elə bu məsələdir. Hər il bu gündə keçirilən tədbirlər planetimizin davamlı inkişafını dəstəkləmək üçün ictimaiyyəti və dünyanın müxtəlif ölkələrinin hökumətlərini su-bataqlıq ərazilərinə diqqət yetirməyə çağırır.
AZƏRTAC xəbər verir ki, Konvensiya Azərbaycan Respublikası tərəfindən 2001-ci il iyulun 18-də ratifikasiya olunub. Ağ göl, Böyük və Kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq ərazisi kimi 2001-ci il mayın 25-dən “Ramsar siyahı”sına daxil edilib. Hazırda siyahıya bu qəbildən digər böyük ərazilərin də salınması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanda ümumi sahəsi 200 min hektardan çox olan su-bataqlıq əraziləri var. Bu ərazilərdə qışlama və köç mövsümündə təxminən 100 min müxtəlif quş növü toplanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17.924 hektara qədər genişləndirilib və ona Milli Park statusu verilib.