Göyçayda şəhidlərin xatirəsi anılıb
Bakı, 17 noyabr, AZƏRTAC
Göyçayda Vətən müharibəsində şəhid olan rayonun Yenikənd kənd sakini Kərimli Azad Elşad oğlunun və Göyçay şəhər sakini Həsənov Maarif Rahim oğlunun şəhidlik zirvəsinə yüksəlməsinin üçüncü ildönümü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilatların müdirləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və sakinlər şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək, məzarları üzərinə gül dəstələri düzüblər.
Mərasimdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən və şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.
Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Hər iki şəhid “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.