“Heydər Əliyev və mədəniyyətimiz” adlı bilik yarışmasına start verilib
Tərtər, 6 aprel, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Bərdə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayon və şəhərlərdə (Bərdə, Tərtər, Yevlax, Mingəçevir) yerləşən tam orta məktəblərin şagirdləri arasında “Heydər Əliyev və Mədəniyyətimiz” adlı bilik yarışmasına start verilib. Bərdə Regional Mədəniyyət İdarəsi, Qarabağ Regional Təhsil İdarəsi və Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi, təbliği, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə aşılanmasıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarış Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşı Ceyhun İsmayılzadə və Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Tunarə Məmmədzadə bildiriblər ki, Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir. Xalqımız qarşısında müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu zəngin və çoxşaxəli irsi tükənməz məktəbidir. Dövlət müstəqilliyimiz məhz Ulu Öndərin sayəsində əbədi və dönməz xarakter alıb.
Müsabiqə çərçivəsində hər şəhər və ya rayon üzrə 4 komanda müəyyənləşib. Komandaların hər birinin öz rayon və ya şəhərlərində yarışmaları nəzərdə tutulub. Qalib komandalar yekunda regional idarəyə dəvət olunacaq və final mərhələsi baş tutacaq.
Yarışmanın ilkin mərhələsi Tərtər rayonunda keçirilib. Tərtər rayonundan 4 komanda - 1 nömrəli tam orta məktəbdən “Zəfər” komandası, 2 nömrəli tam orta məktəbdən “Dəmir yumruq” komandası, Ələsgərli kənd tam orta məktəbdən “Zəfər” komandası, Umudlu kənd orta məktəbdən “Volunteers” komandası iştirak edib. “Volunteers” komandası qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Yarışda iştirak etmiş komandalar Regional İdarə tərəfindən fəxri fərman və təşəkkürnamə ilə təltif olunub.