DÜNYA
İƏT-in İcraiyyə Komitəsi Sudanda vəziyyətlə bağlı qətnamə qəbul edib
Bakı, 3 may, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İcraiyyə Komitəsinin və hazırkı İslam Sammitinin sədri olan Səudiyyə Ərəbistanı Krallığının dəvəti ilə Ciddədə təşkilata üzv ölkələrin daimi nümayəndələrinin iştirak etdiyi növbədənkənar iclasda Sudandakı vəziyyətlə bağlı qətnamə qəbul olunub.
AZƏRTAC İƏT Baş katibliyinin mətbuat açıqlamasına istinadla xəbər verir ki, qətnamədə Sudanda davam edən silahlı münaqişə fonunda bu ölkənin ərazi bütövlüyünə, sülh və sabitliyin təmin edilməsinə dəstək ifadə olunub. Eyni zamanda, İcraiyyə Komitəsinin üzvləri üçüncü ölkələri Sudanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırıblar. Bununla yanaşı, İslam ölkələrinə postmünaqişə dövründə Sudanın sosial-iqtisadi inkişafında kömək edilməsi barədə müraciət edilib.
İƏT İcraiyyə Komitəsinin qətnaməsində Sudan ordusu və Çevik Dəstək Qüvvələri arasında döyüşlərdə həlak olanların ailə üzvlərinə başsağlığı verilib, silahlı münaqişə tərəflərinə atəşkəs üzrə razılaşmaya əməl etməklə bağlı müraciət ünvanlanıb. İclas iştirakçıları qeyd ediblər ki, döyüşən tərəflər dərin sosial-iqtisadi böhran yaşayan Sudanda infrastruktur obyektlərinin dağıdılmasına son qoymalı, humanitar fəlakətin qarşısını almalıdır. “İƏT Sudan ordusunun və Çevik Dəstək Qüvvələrinin başçılarını vətəndaşların və diplomatik missiyaların təxliyəsi prosesinə şərait yaratmağa çağırır. Eyni zamanda, sülh prosesi, problemin dialoq yolu ilə həlli istiqamətində səylər davam etməlidir.
Sudan Respublikasındakı müvafiq tərəfləri təmkinli davranmağa, dərhal atəşkəs elan etməyə və dialoqa qayıtmağa sövq etmək üçün Türkiyə Respublikasının ən yüksək səviyyədə səylərini təqdir edir, həmçinin İƏT-ə üzv 13 dövlətin vətəndaşları da daxil olmaqla, 22 dövlətin öz vətəndaşlarını və üçüncü ölkə vətəndaşlarını Türkiyə Respublikasının təhlükəsiz və sürətli şəkildə təxliyə etməsini yüksək qiymətləndiririk”, - deyə qətnamədə vurğulanıb.
Qətnamənin sonunda qeyd edilib ki, İƏT Sudanda silahlı münaqişə tərəfləri arasında vasitəçilik missiyasını yerinə yetirməyə hazırdır. Bu vəzifəni yerinə yetirmək üçün təşkilatın Baş katibinə müraciət olunub.