İnfotur İsmayıllı rayonunun turizm imkanlarının öyrənilməsinə və təbliğinə yeni təkan verəcəkdir
Bakı, 4 avqust (AZƏRTAC). Azərbaycanda turizmin müxtəlif növlərinin inkişafı, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərinin mütəmadi təşkili, daxili turizm bazarının fəallığını artırmaq məqsədilə layihələr həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu layihələrin davamı olaraq avqustun 4-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Millennium Tourism & Congress DMC” turizm şirkətinin təşkilatçılığı ilə İsmayıllı rayonuna ikigünlük infotur təşkil edilmişdir.
İnfoturda Mədəniyyət və Turizm Nazirliyinin, turizm şirkətlərinin əməkdaşları və KİV nümayəndələri iştirak edirlər.
Reklam xarakteri daşıyan turun təşkili bu regiondakı “Qırx otaq əfsanəsi” və “Fit dağının əfsanəsi” turizm marşrutlarının populyarlaşması ilə bağlıdır.
“Millenium” turizm şirkətinin rəhbəri Ruslan Quliyev bildirmişdir ki, infoturun məqsədi İsmayıllı rayonunun turizm potensialını, mövcud infrаstrukturunu, əsas turizm xidmətlərini nümayiş etdirmək, daxili turizm bazarının fəallığını artırmaq, regionda fəaliyyət göstərən istirahət komplekslərinin şirkətlərlə əməkdaşlığını təmin etməkdir.
R.Quliyev turizm imkanlarının öyrənilməsində və təbliğində, turizm şirkətləri ilə işgüzar mühitin yaradılmasında, yerli və xarici turistlərin cəlb edilməsində belə infoturların əhəmiyyətini yüksək qiymətləndirmişdir.
İnfoturun gedişində iştirakçılar etnoqrafik cəhətdən məşhur olan Basqal və Lahıc qəsəbələrinə getmiş, həmçinin Buzxana, Qırxotaq abidələrinə, Fit və Niyal dağlarındakı qalaların qalıqlarına tamaşa etmişlər.
İştirakçılara regionda turist xidmətinin keyfiyyətinin yaxşılaşdırılması və onun səviyyəsinin müasir standartlara çatdırılmasına dair məlumatlar verilmişdir.
Bildirilmişdir ki, İsmayıllıda turistlərin rayon haqqında, onun tarixi keçmişi haqqında geniş təsəvvür yaradılmasına xidmət göstərən Heydər Əliyev Mərkəzi, 2 tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərir.
Diqqətə çatdırılmışdır ki, Lahıc qəsəbəsində 108, Basqal qəsəbəsində isə 23 tarixi abidə mühafizə olunur. Bütövlükdə rayon üzrə 233 tarixi və mədəniyyət abidəsi qorunub saxlanılır.
İnfoturun növbəti günündə turizm şirkətləri və KİV-lərin nümayəndələri İsmayıllı rayonunun mədəni-tarixi abidələri ilə tanış olacaqlar.