İspaniyada yaşayan azərbaycanlıların Xocalı faciəsi ilə bağlı keçirdikləri etiraz aksiyası yerli mətbuatda işıqlandırılmışdır
Madrid, 28 fevral (AZƏRTAC). İspaniyada yaşayan azərbaycanlıların fevralın 26-da Ermənistanın Madriddəki səfirliyi qarşısında Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı keçirdikləri etiraz aksiyası ispan mətbuatında işıqlandırılmışdır.
www.elcomercio.es saytında bu barədə yazı yerləşdirilmişdir. Məqalədə deyilir ki, onlarla azərbaycanlı gənc Ermənistanın İspaniyadakı səfirliyi qarşısına toplaşıb erməni hərbçilərinin 1992-ci ildə Xocalıda törətdikləri soyqırımı faktına etirazlarını bildirmişlər.
Üzərində “Xocalıya ədalət!” yazılmış ağ köynəklər geyinmiş gənclər əllərində faciə ilə bağlı plakatlar tutmuşlar. Plakatların üzərində Xocalı soyqırımı zamanı 613 nəfər dinc sakinin öldürüldüyü, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü yazılmışdı.
Aksiya iştirakçıları “Xocalıya ədalət!” şüarı səsləndirmiş, Azərbaycan torpaqlarının azad olunması, məcburi köçkünlərin öz doğma el-obalarına qayıtmalarını tələb etmişlər. İki saat davam edən aksiyadan sonra nümayiş iştirakçıları polis maşınının müşayiəti ilə şəhərin mərkəzindəki Sol meydanına doğru irəliləmişlər.
İspaniyanın digər mətbuat orqanlarında da etiraz aksiyası ilə bağlı məlumatlar yayılmışdır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid