Kaliforniyanın Örvayn Universitetinin müəllim-tələbə heyəti Xocalı faciəsi haqqında məlumatlandırılmışdır
Vaşinqton, 27 fevral (AZƏRTAC). Kaliforniyanın ən nüfuzlu universitetlərindən biri olan Örvayn Universitetində Azərbaycana həsr olunmuş geniş tədbir keçirilmişdir. Universitetin Beynəlxalq Münasibətlər Şurası tərəfindən təşkil olunmuş tədbirdə bu ali təhsil ocağının tələbələri və müəllimləri iştirak etmişlər.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbirdə məruzə ilə çıxış etmişdir. N.Ağayev Azərbaycan ərazisinin işğalı, Ermənistan tərəfindən həmin torpaqlarda həyata keçirilmiş etnik təmizləmə siyasəti, mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlər, xüsusilə Xocalı soyqırımı haqqında tədbir iştirakçılarını məlumatlandırmışdır. Baş konsul bildirmişdir ki, Ermənistan tərəfi Xocalı soyqırımını nə qədər inkar etsə də, faktları dəyişdirmək mümkün deyildir. Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın hələ 2000-ci ildə verdiyi müsahibədə Xocalı qətliamının işğalçı qüvvələr tərəfindən törədilməsinə dair etirafı diqqətə çatdırılmışdır. Diplomat Xocalı soyqırımında birbaşa iştirak etmiş, ASALA terrorçusu Monte Melkonyanın qardaşı Markar Melkonyanın yazdığı və ABŞ-da dərc olunmuş kitabda da erməni işğalçı qoşunlarının bu qətliamı hansı amansızlıqla törətdiklərinin açıq şəkildə təsvir olunduğunu bildirmişdir. N.Ağayev bu qədər faktlardan və etiraflardan sonra erməni tərəfinin Xocalı soyqırımını inkar etməsinin məntiqsiz və gülünc olduğunu qeyd etmişdir. Diplomat, həmçinin Monte Melkonyan kimi bir terrorçunun Ermənistanda milli qəhrəman elan edilməsinin və ona hətta işğal edilmiş Azərbaycan ərazilərində abidə qoyulmasının ağlasığmaz olduğunu diqqətə çatdırmışdır.
N.Ağayev çıxışında Azərbaycanın tarixi, mədəniyyəti, müstəqil dövlət kimi inkişafı, neft strategiyası, ABŞ, Avropa və qonşu dövlətlər ilə münasibətləri barədə də iştirakçılara ətraflı məlumat vermişdir. O, həmçinin Azərbaycanın qədim etnik və dini tolerantlıq ənənələri barədə danışmış, Azərbaycan hökumətinin ölkədə bu ənənələrin daim yaşaması və daha da güclənməsinə yüksək diqqət yetirdiyini söyləmişdir.
Baş konsul universitetin tələbələrinin, habelə tədbirdə iştirak edən ermənilərin suallarını cavablandırmışdır. Tədbirdə Ermənistanın işğalçılıq siyasətinə, eləcə də Xocalı soyqırımına dair kitabçalar, məqalələr və jurnallar iştirakçılara paylanmışdır. Radikal erməni təşkilatlarının bəzi nümayəndələri hay-küy salaraq tədbiri pozmağa çalışsalar da, məqsədlərinə nail ola bilməmişlər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton