Kinorejissor Vaqif Mustafayev ADU-nun tələbələrinə ustad dərsi keçib
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində Magistratura şöbəsinin təşkilatçılığı ilə görkəmli kinorejissor, Xalq artisti Vaqif Mustafayev tələbələrə ustad dərsi keçib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə sənətin incəlikləri və həyatda sənətin rolu barədə danışılıb. Qonaq tələbələrə mədəni dünyada baş verən proseslərin əhəmiyyətindən söhbət açıb. Qeyd olunub ki, sənətin mahiyyətini və əsl imkanlarını duymaq və anlamaq insanların ətraf aləmlə münasibətinə çox ciddi təsir edir.
Vaqif Mustafayev bildirib ki, istənilən ixtisas sahibinin bilməli olduğu məsələlər içərisində mədəniyyət və ədəbiyyat sahəsi önəmli yer tutur. Bu, istər müəllim, istər həkim, istər mühəndis olsun, fərq etmir. Hər kəs mədəni və ədəbi düşüncə baxımından müasir dünya ilə ayaqlaşmağa çalışmalıdır.
Tədbirdə çıxış edən Pedaqogika kafedrasının müəllimi pedaqogika üzrə fəlsəfə doktoru Vidadi Bəşirov qonaq haqqında ürək sözlərini söyləyib. Vaqif Mustafayevin Vətənə, millətə olan xidmətlərindən danışan Vidadi Bəşirov tələbələrə bundan nümunə götürməyin vacibliyindən danışıb.
Sonda tədbir iştirakçılarına təşəkkürünü bildirən rejissor indiyədək çəkdiyi filmlərin kadrarxası məqamlarından, qarşılaşdığı maraqlı hadisələrdən söhbət açıb.
Tədbir tələbələri maraqlandıran suallarla davam edib.