Krasnoyarskda Xocalı faciəsinə həsr olunmuş konfrans keçirilmişdir
Moskva, 28 fevral (AZƏRTAC). Fevralın 27-də Krasnoyarsk şəhərindəki “Mədəniyyət, əmək və həmrəylik sarayı”nda Xocalı faciəsinə həsr olunmuş konfrans keçirilmişdir. Tədbiri Krasnoyarsk diyarının Azərbaycan diasporu təşkil etmişdir.
Konfransda Krasnoyarskın Azərbaycan diasporunun və gənclərin təmsilçiləri, şəhərin milli diasporlarının rəhbərləri, eləcə də Rusiya ictimaiyyətinin və KİV-lərin nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin müavini Qüdsi Osmanov tədbirdə çıxış etmişdir. O bildirmişdir ki, bu günlərdə Rusiyanın hər yerində, o cümlədən Krasnoyarskın mərkəzindən xeyli uzaqda azərbaycanlılar Xocalı faciəsinə həsr olunmuş müxtəlif tədbirlər - konfranslar, “dəyirmi masa”lar keçirirlər. Q.Osmanov Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyasının rolunu və uğurlarını xüsusi vurğulamışdır. Səfirin müavini azərbaycanlı gəncləri Rusiya ictimaiyyətinin bir hissəsi kimi Rusiyanın ictimai həyatında fəal iştiraka çağırmışdır.
Krasnoyarsk diyarı Azərbaycan diasporunun sədri Taleh Mahmudov rəhbərlik etdiyi qurumun həyata keçirdiyi tədbirlərdən danışmış, Azərbaycan tarixinin qanlı səhifələri barədə həqiqətlərin dünyada yayılmasının vacibliyini xüsusi qeyd etmişdir.
Diaspor sədrinin müavini Ələkbər Qarayev Krasnoyarsk diyarı ombudsmanının tədbir iştirakçılarına müraciətini oxumuşdur. Müraciətdə Xocalı hadisələrinə qiymət verilmiş, faciənin səbəbkarlarına ittiham ifadə edilmişdir.
Tədbirdə diasporun gənc üzvlərinin və ağsaqqalların nümayəndələri də çıxış etmişlər.
Tədbirin sonunda Xocalıda həlak olanlar üçün ehsan verilmişdir.
Qeyd edək ki, Krasnoyarsk diyarının Azərbaycan diasporu Rusiyanın Sibir Federal Dairəsindəki çoxsaylı diaspor təşkilatlarından biridir və diyarın ictimai-siyasi həyatında fəal iştirak edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva