Lənkəranda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans keçirilir
Lənkəran, 12 iyul, İlkin Adıyev, AZƏRTAC
Lənkəran şəhərində “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən üçgünlük regional konfrans iyulun 12-də işə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin Lənkəran şəhərindəki abidəsi ziyarət edilib, önünə gül dəstəsi düzülüb.
Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhid olanların ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov milli-mənəvi dəyərlərimizin bərpasının, dövlət-din münasibətlərinin formalaşdırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Natiq bu gün respublikamızda dini dəyərlərə hörmətlə yanaşıldığını, tolerantlıq modelinin mövcud olduğunu da diqqətə çatdırıb.
Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Azərbaycanın ən yeni tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin şahidiyik. Ümummilli Lider xalqımızın gələcəyə gedən yolunu azərbaycançılıq ideologiyası əsasında böyük uzaqgörənliklə müəyyən etmişdir. S.Salahlının sözlərinə görə, milli-mənəvi, dini dəyərlərimizə qayıdışın Azərbaycan xalqı üçün gərəkliliyini nəzərə alan Ümummilli Liderimiz bu sahədə əvəzsiz işlər görmüşdür. DQİDK sədrinin birinci müavini onu da vurğulayıb ki, hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm addımlar atırlar.
YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev və Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Qəni Axundzadə, Rayon Ağsaqqallar Şurasının sədr müavini Güloğlan Bağırov, Lənkəran ŞİH yanında İctimai Şuranın sədri Əlimərdan Əliyev çıxışlarında vurğulayıblar ki, Azərbaycanın bütün bölgələri kimi, Lənkəran rayonu da hər bir sahədə özünün müasir inkişaf dövrünü yaşayır. Rayonda bütün vətəndaşlara adət-ənənələri və dini ayinlərinin icrası üçün lazımi şərait yaradılıb.
Tədbir çərçivəsində kitab sərgisi də keçirilib.