Muxtar respublikada iməciliklər isti yay günlərində də davam etdirilir
Naxçıvan, 23 avqust (AZƏRTAC). Müxtəlif təbii amillər, xüsusən də ekoloji problemlər müasir dövrdə yaşıllıqların əhəmiyyətini daha da artırıb. Çünki ətraf mühitin qorunması və əlverişli ekoloji mühitin yaradılması insan sağlamlığına xidmət edir. Son illər muxtar respublikada keçirilən iməciliklər bu qədim diyarda təbiətin zənginləşdirilməsinə səbəb olub, yaşıllıqların və meyvə bağlarının sahəsi ilbəil artıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 23-də muxtar respublikada növbəti iməciliklər keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, muxtar respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə gedən yolun ətrafındakı 3,5 hektarlıq meyvə bağında keçirilən iməcilikdə iştirak ediblər.
Ötən iməciliklər dövründə ərazidə 3 minə yaxın müxtəlif meyvə ağacları əkilib. İməcilik iştirakçıları ağacları suvarıb, ətrafda səliqə-sahman yaradıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, yaşıllıqlara qulluq işlərinin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.