Neftli suların toplanması üçün xüsusi Metal çən quraşdırılmışdır
Bakı, 1 dekabr (AZƏRTAC). Xəzər Dəniz Neft Donanmasının (XDND) gəmilərində istismar zamanı formalaşan neftli döşəməaltı-lal sular hazırda ekoloji təyinatlı SLV tipli gəmilər tərəfindən toplanaraq İxtisaslaşdırılmış Dəniz Neft Donanma İdarəsinə məxsus liman bazasının körpüsündən “EKOL Mühəndis Xidmətləri” QSC-nin vakuum nasoslu avtosisternlərinə təhvil verilir. SLV gəmilərindəki neftli döşəməaltı-lal sular tutumunun 86 kvadratmetr, avtosisternlərin isə cəmi 10,5 kvadratmetr olması səbəbindən gəmi çəninin tam boşaldılıb daşınması saatlarla vaxt tələb edir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, XDND-nin gəmi təmiri zavodunda hazırlanmış yeni 150 kvadratmetrlik metal çən “Şirvan” kran gəmisi ilə İxtisaslaşdırılmış Dəniz Neft Donanma İdarəsinin liman bazasına gətirilərək sahildən 70 metr aralıda hazırlanmış xüsusi konstruksiyalı dəmir-beton altlıq üzərində yerləşdirilmişdir.
Hazırda neftli suları sahildən çənə ötürən xətlər çəkilir, çənin ətrafında ekoloji təhlükəsizlik tələbləri nəzərə alınmaqla abadlıq işləri aparılır.
Layihə tam həyata keçirildikdə SLV tipli gəmilərdən neftli suların təhvilini sürətləndirməklə həmin gəmilərin sahildə dayanma müddətini əsaslı dərəcədə azaltmaq, son nəticədə onların daha çox gəmiyə ekoloji xidmət göstərmək imkanlarını artırmaq mümkün olacaqdır.