Qax Dövlət Kukla Teatrı uşaqlara yeni tamaşa təqdim edib
Qax, 12 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Qax Dövlət Kukla Teatrında Osman Abdullayevin qələmə aldığı “Tülkü və quyruq” pyesi əsasında hazırlanan eyniadlı tamaşa üzərində məşqlər başa çatıb. Teatrın bu il üçün repertuar planına daxil edilən tamaşa iyulun 12-də uşaqlara təqdim olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov məlumat verib.
Tamaşanın quruluşçu rejissoru Araz Mehrablı, rəssamı Qoşqar Fətəliyev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Tamaşada rolları İlmar Abdullayev, Elnarə Razıyeva, Məlahət Məmmədova, Azər Kərimov, Cəbrayıl Quluşov, Afət Yaqubova, Aynurə Abbasova, Elnurə Əliyeva, Araz Mehrablı və Cəryət Abuzərli ifa ediblər. Tamaşa uşaqlara təbiəti sevmək və qorumaq, başqasına aid olana göz dikməmək, özünün olanın qədrini bilmək kimi müsbət keyfiyyətlər aşılayır.
Uşaqların və valideynlərin, teatrsevərlərin iştirak etdiyi ilk tamaşa uğurlu keçib.