Qəbələdə keçirilən beynəlxalq musiqi festivalı rayona minlərlə turisti cəlb etmişdir
Qəbələ, 6 avqust (AZƏRTAC). Böyük Qafqaz dağlarının ətəyində yerləşən Qəbələnin gözəl havası, təbiəti, sıx meşələri, sərin bulaqları, beşulduzlu otellərdə yüksək səviyyəli xidmətlər turistləri cəlb edir. İsti yay günlərində mənalı istirahət etmək üçün Qəbələyə üz tutanların sayı ötən iki həftə ərzində xeyli artmışdır. Buna səbəb isə rayonda beynəlxalq musiqi festivalının keçirilməsi olmuşdur.
Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova AZƏRTAC-a bildirmişdir ki, hər il olduğu kimi, yenə də festival günlərində Qəbələyə minlərlə yerli və xarici turist gəlmişdir. Həmin günlərdə rayonda mövcud olan yüksək səviyyəli 18 otel və istirahət mərkəzində boş yer tapmaq müşkülə çevrilmişdi. Qonaqların bir çoxu otellərdən heç də geridə qalmayan və kəndlərdə sərfəli qiymətə kirayə verilən fərdi yaşayış evlərində qalmışdır. Kütləvi informasiya vasitələri tərəfindən festival haqqında məlumatların geniş yayılması müştəri bolluğu baxımından rayonun turizm obyektlərinin fəaliyyətinə müsbət təsir etmişdir. Nəticədə gündən-günə rayona gələn qonaqların sayı da artmışdır.
Nargilə Qafarova bildirmişdir ki, Qəbələnin turizm obyektlərində infrastrukturun müasir səviyyədə olması, rayonda uşaq, gənclər və böyüklər üçün hər cür tələblərə cavab verən əyləncə və istirahət mərkəzlərinin fəaliyyəti, eləcə də regionda bənzəri olmayan “Qəbələnd” istirahət mərkəzində, “Fitnes” sağlamlıq mərkəzində, saunalarda qiymətlərin münasib olması turistləri cəlb edən amillərdən biri olmuşdur. Festival günlərində rayonun beş, dörd və üçulduzlu otellərində gün ərzində ümumilikdə 2500-ə yaxın qonağa milli, türk və Avropa yeməklərinin daxil olduğu restoran xidmətlərinin göstərilməsi mümkün olmuşdur.
Turistlər müasir otelçilik xidmətləri ilə yanaşı, meşə gəzintisi, atla gəzinti, balıq ovu, göldə qayıqla gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahət xidmətlərindən də bəhrələnmişlər.
N.Qafarova demişdir: “Gündüzlər müxtəlif formada istirahət edən yerli və xarici turistlər axşamlar festivalın konsertlərinə tamaşa edirdilər. Qəbələ və ətraf rayonların sakinləri festivalın əsas dinləyiciləri sayılırdı. Çox sevindirici haldır ki, bu festivala insanlar öz ürəklərinin hökmü ilə gəlirdilər. Açıq havada bir-birindən gözəl ifaları eşidən tamaşaçılar son ana qədər bu musiqinin ecazkar sehrindən ayrıla bilmirdilər”.
Şöbə müdiri bu ilki festivalın konsertlərində, ümumilikdə, 13 min 750-dən çox tamaşaçının iştirak etdiyini bildirmişdir. Bu isə ötən ildəkindən 2 min 800 nəfər çoxdur. Artıq 4 ildir ardıcıl olaraq keçirilən Qəbələ beynəlxalq musiqi festivalı bir daha sübut etdi ki, Azərbaycan hər sahədə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də əksər ölkələrə nümunə ola bilər.
Ümumiyyətlə, cari ilin əvvəlindən bu günədək Qəbələ rayonuna 22 min 552 turist gəlmişdir. Onlardan 3727 nəfəri xarici, 18825-i yerli turistdir. Ötən il isə Qəbələyə 35 min 850 turist gəlmişdi.