DÜNYA
Qəzzada telekommunikasiya xidmətləri və internet əlaqələri qismən bərpa edilib
![Qəzzada telekommunikasiya xidmətləri və internet əlaqələri qismən bərpa edilib](/files/2023/3/1200x630/1700256047219953471_1200x630.jpg)
Bakı, 18 noyabr, AZƏRTAC
Qəzza zolağına yanacaqla işləyən generatorlar çatdırıldıqdan sonra bəzi ərazilərdə telekommunikasiya xidmətləri və internet əlaqələri qismən bərpa edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Paltel” və “Jawwal” telekommunikasiya şirkətləri məlumat yayıb.
“Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) əsas şəbəkəmizin generatorlarını işə salmaq üçün məhdud miqdarda yanacaq təqdim etməsindən sonra Qəzza zolağının müxtəlif ərazilərində rabitə xidmətlərinin (stasionar, mobil və internet) qismən bərpa olunduğunu elan etmək istərdik.” - şirkətlərin sosial şəbəkə hesablarında dərc edilmiş bəyanatda deyilir.
Noyabrın 16-da “Paltel” və “Jawwal” yanacaq çatışmazlığı səbəbindən Qəzza zolağında rabitə və internetin tamamilə kəsildiyini elan etmişdi. Bir gün əvvəl şirkətlər anklavdakı əsas məlumat mərkəzlərinin yanacaq ehtiyatlarının tükənməsi səbəbindən tədricən bağlandığını və bütün əsas şəbəkə elementlərinin yalnız batareyalarla işlədiyini bildirmişdilər.