Qızıl medal qazanan Azərbaycan güləşçisi: Növbəti yarışlarda da bayrağımızı dalğalandırmağa ümid edirəm
Manama, 28 oktyabr, Aynur Əlixanlı, AZƏRTAC
"Medalımı ailəmə həsr edirəm. Bu medalı qazanmağımda mənə dəstək olan məşqçilərimə isə minnətdarlığımı bildirirəm".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hüseyn Hüseynov deyib.
55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarışa çox yaxşı hazırlaşdığını qeyd edib: "Böyük güləşçilərdən ibarət komanda ilə birlikdə təlim-məşq toplanışı keçmişdik. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı. Ümid edirəm ki, gələcək yarışlarda da öz sözümü deyib, bayrağımızı beynəlxalq arenalarda dalğalandıracağam".
O, ən yaddaqalan görüşündən bəhs edib: "Yarımfinal görüşü mənim üçün çox vacib idi. Çünki revanş qarşılaşması idi. Həmin rəqibimə ötən ilin bu vaxtlarında 10:0 hesabı ilə məğlub olmuşdum. Amma bu dəfə 6:2 hesabı ilə qalib gəldim və finala yüksəldim".
H.Hüseynov növbəti hədəfinin böyüklərin və gənclərin Azərbaycan çempionatında yaxşı nəticə göstərmək olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan millisi sərbəst güləş yarışlarını 2-si qızıl, 1-i gümüş, 6-sı bürünc olmaqla, ümumilikdə 9 medalla başa vurub.
Oktyabrın 30-dək davam edəcək oyunlarda 26 idman növü üzrə 71 ölkədən 18 yaşadək 3687 idmançı mübarizə aparır. Azərbaycan Gimnaziadada 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.