STRASBURQ UNİVERSİTETİNDƏ XOCALI SOYQIRIMI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR
Strasburq, 27 fevral (AZƏRTAC). Fevralın 27-də Strasburqda fəaliyyət göstərən “Azərbaycan evi”nin təşəbbüsü ilə XX əsrin dəhşətli faciəsi - Xocalı soyqırımı ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə faciə zamanı həlak olmuş xocalılıların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Xocalı soyqırımı ilə əlaqədar keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün Fransaya gəlmiş Azərbaycan nümayəndə heyətinin rəhbəri Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və onun başvermə səbəblərindən danışmış, emənilərin ölkəmizin ərazilərinə göz dikdikləri, onların etnik təmizləmə siyasəti apardıqları barədə məlumat vermiş, fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən qətlə yetirilmiş, yaralanmış və əsir götürülmüş xocalılılarla bağlı faktları açıqlamışdır.
Q.Əliyev xocalılıların məhz azərbaycanlı olduqlarına görə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirdiklərini qeyd etmiş, dünya ictimaiyyətinin bu hadisəyə biganə qalmasından təəssüf hissi keçirdiyini bildirmişdir.
Milli Məclisin deputatı Əkrəm Abdullayev Xocalı faciəsinin yalnız Azərbaycanın deyil, bütün türk dünyasının faciəsi olduğunu xüsusi vurğulamış, ermənilərin Azərbaycan və türk xalqlarına qarşı nifrət hissinin tarixi mövcudluğuna toxunmuş, Azərbaycan Prezidentinin ermənilərin işğalçılıq siyasətinə qarşı birgə fəaliyyət göstəmək fikrinə istinad etmiş, bəzi ölkələrin Azərbaycana qarşı ikili standartlarla yanaşdığını, özlərini Azərbaycan və Ermənistana eyni mövqedən yanaşdıqlarını göstərsələr də, əslində çox hallarda erməniləri dəstəklədiklərini bildirmişdir. O, bütün türkdilli xalqları ümumi düşmənə qarşı birgə mübarizə aparmağa çağırmışdır.
Azərbaycanlıların və Türk Xalqlarının Əməkdaşlığı Mərkəzinin sədri İlham İsmayılov Xocalı faciəsinin bütün türk dünyasının XX əsrdə ən ağrılı faciəsi olduğunu qeyd etmiş, Azərbaycanın hüdudlarından uzaqlarda, müxtəlif xarici ölkələrdə, hətta azərbaycanlıların yaşamadıqları dövlətlərdə belə Xocalı faciəsinin türk diasporu tərəfindən anıldığını bildirmişdir. O, son illər Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinin getdikcə genişləndiyini, türkdilli xalqların bir araya gəlmələrinin gələcəkdə mühüm işlərin təməlindən xəbər verdiyini, Azərbaycanın türk dünyasının mərkəzində yerləşdiyini, ölkəmizin qardaş Türkiyə ilə sıx əlaqələri olduğunu, Türkiyənin ən çətin anlarda Azərbaycanı dəstəklədiyini, Xocalı faciəsinin ümumi bir faciəyə çevrildiyini, ermənilərə qarşı mübarizədə, onların informasiya blokadasını yarmaqda xaricdəki Azərbaycan və türk diasporlarının birgə fəaliyyətinin zəruriliyini qeyd etmişdir.
Universitetin fars və türk dilləri departamentinin müəllimi Stefan de Tapye Xocalı faciəsinin bəşəriyyətə qarşı törədilmiş soyqırımı olmasından söz açmış, son illər Fransada Türkiyəyə böyük maraq yarandığını, elə bu səbəbdən də Strasburq Universitetində türk dilinin tədris edildiyini xatırlatmış, türkdilli xalqlar arasında ümumi birlik yaranmasının xoş bir hal olduğunu qeyd etmişdir.
Sonda iştirakçıları maraqlandıran suallara ətraflı cavab verilmişdir.
Tədbirdə Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı nəşr etdirdiyi ədəbiyyat, habelə Prezident Administirasiyasının rəhbəri Ramiz Mehdiyevin və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Azərbaycan həqiqətlərindən bəhs edən kitablarından ibarət sərgi nümayiş etdirilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq