TBİLİSİDƏ AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR
Tbilisi, 30 mart (AZƏRTAC). Martın 30-da İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış “Azərbaycanın dostları klubu” auditoriyasında azərbaycanlı ziyalıların, tələbələrin iştirakı ilə Azərbycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdən əvvəl Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Namiq Əliyev Gürcüstan parlamentinin vitse-spikeri Rusudan Kervalişvilini auditoriya ilə tanış etmiş, burada keçirilən tədbirlər barədə ətraflı məlumat vermiş və ona Azərbaycan həqiqətləri əks olunmuş kitablar bağışlamışdır.
Namiq Əliyev tarixi faktlara əsaslanmaqla iştirakçılara yalnız Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz üçün təhlükə törədən erməni separatizmi, “böyük Ermənistan” xülyası və s. barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, martın 31-i ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycanlıların Soyqırımı Günü elan olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diplomatlara digər sahələrlə yanaşı, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, dünyada özünü “əzabkeş xalq” kimi göstərməyə çalışan erməni qəsbkarların əməllərinin faktlarla ifşa olunması və s. göstərişləri istiqamətində yeridilən siyasət artıq öz bəhrəsini verməkdədir. Azərbaycan öz haqq işi uğrunda mübarizəsini bir an da olsa dayandırmır və Prezidentimizin tarazlı siyasəti nəticəsində əsl həqiqət tezliklə dünya ictimaiyyətinə çatdırılacaq, torpaqlarımız xain ermənilərdən xilas ediləcəkdir. Ermənilər öz xarici himayədarlarının dəstəyi və fitnəkar siyasəti ilə Cənubi Qafqazda monoetnik zonalar yaratmaqdadır. Rus çarizminin yürütdüyü ədalətsiz siyasət nəticəsində Cənubi Qafqazda öz dövlətçiliyini yaratmış ermənilər, sonradan himayədarlarının hərtərəfli yardımı ilə Ermənistanda yerli azərbaycanlılara qarşı soyqırımı həyata keçirərək onların əzəli və əbədi torpaqlarında etnik təmizləmə aparmış, Azərbaycan Respublikasının Qarabağ bölgəsində monoetnik zona yaratmışlar. Bu siyasət Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində də davam etdirilmiş və təəssüf ki, yenə də davam etdirilməkdədir. Yeri gəlmişkən, hələ ötən əsrin 40-cı illərində Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsindən mesxet türkləri də məhz ermənilərin, o vaxtlar SSRİ-də məsul vəzifə tutan Anastas Mikoyanın hiyləsi ilə öz doğma yurdlarından didərgin salınmışlar ki, bu bölgəyə köçürülmüş ermənilər burada çoxluq təşkil etsinlər. Belə məkrli siyasəti ilə indiyədək dünya ictimaiyyətini çaş-baş salmağa çalışan ermənilərin iç üzü getdikcə açılır və onlar ifşa olunurlar. Azərbaycan rəhbərliyinin uğurlu siyasəti erməni yalanlarını ifşa etməkdədir. Cənubi Qafqaz üçün təhlükə olan erməni separatizmi, deyərdim ki, abxaz və osetin separatçılığını da qidalandırdı, Gürcüstan xeyli ərazisini itirmək məcburiyyətində qalmışdır. Azərbaycana qarşı bəzi qüvvələri ermənilərin maliyyələşdirdiyi danılmazdır. Ancaq onlar öz istəklərinə nail ola bilməyəcəklər. Ermənilər hər vəchlə çalışırlar ki, Cənubi Qafqazda sabitlik pozulsun, hərc-mərclik olsun, bununla özgə torpaqlarını özününküləşdirib “böyük Ermənistan” yaratsınlar. Məhz buna görə də Cənubi Qafqazın sağlam qüvvələri birləşib ermənilərin bu bölgədə monoetnik zonalar yaratmasının qarşısını almalıdırlar.
TDU-nun tələbələri Elnur Əliyev, Orxan Əliyev, Tbilisi Texniki Universitetinin tələbəsi İlham Əsədov və başqaları çıxışlarında ötən əsrin əvvəllərindən ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamlar barədə məlumatları tarixi sənədlər əsasında geniş şərh etmişlər.
Gürcüstan parlamentinin deputatı Ramin Bayramov belə bir tədbirə tələbə gənclərin cəlb olunmasını alqışlamış, ermənilərin azərbaycanlılara qarşı yeritdikləri xain, xəbis siyasətin iç üzünün gürcü ictimaiyyətinə çatdırılmasında bu cür tədbirlərin mühüm rol oynayacağına əmin olduğunu vurğulamışdır.
Tələbələr dünya ictimaiyyətinə azərbaycanlıların soyqırımı ilə bağlı müraciət hazırlamaq niyyətlərini bəyan etmişlər.
Namiq Əliyev təşəbbüsü alqışlamış və səfirliyin dəstək üçün hazır olduğunu bildirmişdir.
İştirakçılara Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif dillərdə çap olunmuş kitablar paylanmışdır. Bu nəşrlərdə tarixi faktlar əsasında erməni siyasətinin iş üzü açıqlanmış, Azərbaycan həqiqətləri öz əksini tapmışdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi