“12 Punto”nun beynəlxalq münsiflər heyəti açıqlanıb
Bakı, 12 iyul, AZƏRTAC
Türkiyənin TRT kanalının bu il beşinci dəfə təşkil etdiyi ssenari hazırlamaq və ortaq istehsal platforması olan “12 Punto”nun beynəlxalq münsiflər heyəti açıqlanıb.
AZƏRTAC TRT-nin yaydığı məlumata istinadla xəbər verir ki, dünya kinosunun qabaqcıl adlarını bir araya gətirən tədbir iyulun 16-23-də 22 fərqli ölkənin iştirakı ilə 3 fərqli platformada keçiriləcək.
Beynəlxalq münsiflər heyətinə rejissor Danis Tanoviç, prodüser Ewa Puszczynska, Mirsad Purivatra, Fatma Al-Remaihi və Dennis Ruh daxildir.
TRT-nin Bosniya və Herseqovina rejissoru Tanoviçin çəkdiyi "Deset u Pola (Qonşuluq Dövlətləri)" filmi 12 Punto tədbiri çərçivəsində açıq havada nümayiş etdiriləcək.
Nümayişdən sonra tamaşaçıların suallarını cavablandıracaq Danis Tanoviç 12 Puntoda da ustad dərsi verəcək.
Filmləri ilə bir çox mükafata layiq görülən Tanoviç, ilk filmi olan “İnsan yoxdur” ilə Kann Film Festivalında “Ən yaxşı xarici film” üçün Oskar, “Ən yaxşı ssenari” üçün “Qızıl Qlobus” mükafatlarını qazanıb.
Qeyd edək ki, beynəlxalq münsiflər heyətinin 12 finalçı arasından seçəcəyi “TRT Ortaq İstehsal Mükafatı” 3 layihəyə, “TRT Pre-Purchase Award” 3 layihəyə, “TRT Project Development Award” 6 layihəyə veriləcək.
“TRT Qısa Film İstehsal Mükafatı”nı qazanan layihələrin sahibləri türk kinosunun aparıcı rejissor və ssenaristləri ilə ssenarilərini inkişaf etdirmək imkanı qazanacaqlar.