650 min ağacın əkildiyi ərazilərdə aparılan ilk monitorinqin nəticələri açıqlanıb
Bakı, 30 dekabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) və Ekologiya Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət monitorinq qrupu Azərbaycanda bir gündə 650 min ağacın əkildiyi ərazilərin birinci monitorinqini başa çatdırıb.
Keçirilən monitorinqlərin nəticələrinə görə Şamaxı, Sabirabad, Saatlı rayonlarının, Gəncənin və Bakının Nərimanov, Səbail, Xəzər, Xətai, Nizami rayonlarının ərazilərində əkilmiş ağaclara vaxtlı-vaxtında qulluq olunduğu, damcılı suvarma sistemi ilə təmin edildiyi və mütəmadi suvarıldığı müəyyən olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri YAP Gənclər Birliyinin sədri Seymur Orucov dekabrın 30-da keçirilən mətbuat konfransında deyib.
"Bir sıra rayonların ərazilərində isə əkilən ağacların, bəzi yerlərdə bərkidici dayaq olmadığından əyilməsi, dayaqların küləkdən sonra aşması müşahidə edilib. Lakin çatışmazlıqlar tez bir zamanda aradan qaldırılıb. Hesab edirik ki, ağaclara ən yaxşı qulluq göstərildiyi ərazilər may-iyun ayında keçiriləcək ikinci monitorinqlərdən sonra məlum olacaq. İkinci monitorinq zamanı ağacların bitiş faizi müəyyənləşəcək, suvarma təminatının nəticələri görünəcək.
Ümumiyyətlə isə əkilmiş ağaclara göstərilən qulluq səviyyəsinə, suvarma şəraitinə daimi nəzarət olunması barədə YAP gənclər təşkilatının yerlərdəki nümayəndələrinə tövsiyələr verilib və bu iş mütəmadi olaraq davam etdiriləcək", - deyə S.Orucov qeyd edib.