Abşeron milli parkında “Açıq qapı” günü keçiriləcək
Bakı, 5 fevral, AZƏRTAC
Abşeron Milli Parkının yaranması günü ilə əlaqədar fevralın 8-də milli parkda “Açıq qapı” günü və maarifləndirici tədbirlər keçiriləcək, ziyarətçilər milli parka giriş haqqından azad olunacaq.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlik Abşeron yarımadasının cənub-şərq qurtaracağında, Şah Dili adlanan ərazidə yerləşən və üç tərəfdən dənizlə əhatə olunan Abşeron Milli Parkının füsunkar təbiətini görmək, flaminqoları müşahidə etmək istəyən hər kəsi milli parka dəvət edir.
Qeyd edək ki, Abşeron Milli Parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə yaradılıb.