Gələn ildən etibarən Azərbaycanın milli parklarında şagirdlər üçün açıq dərslər keçiriləcək
Bakı, 30 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Təhsil Nazirliyi ilə birgə orta məktəb şagirdləri üçün milli parklarda ekoloji maarifləndirmə tədbirləri çərçivəsində açıq dərslər təşkil etməyi planlaşdırır.
AZƏRTAC-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova dekabrın 30-da keçirilən mətbuat konfransında bildirib.
İ.İbrahimovanın sözlərinə görə, açıq dərslərin ölkə ərazisindəki bütün milli parklarda təşkili nəzərdə tutulub.
“Açıq dərslərin gələn ilin yanvarından başlayaraq il ərzində mütəmadi təşkil edilməsi gözlənilir. Şagirdlər məktəblərinə yaxın olan milli parklarda açıq dərslərdə iştirak edə bilərlər. Həmin açıq dərslərə mətbuat nümayəndələri də dəvət olunacaqlar. Bununla yanaşı, valideyn himayəsindən məhrum olan uşaqların da milli parklara səfərini təşkil etməyi nəzərdə tuturuq. Bu tədbirlərin keçirilməsində məqsəd uşaqları milli parklarla tanış etmək, onlarda uşaq yaşlarından təbiətə sevgi hissi formalaşdırmaqdır”.
Nazirlik rəsmisi onu da bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı və Abşeron ərazilərində yaşıllıqların olmadığı yaşayış binalarının həyətlərində sakinlərin iştirakı ilə aksiya keçirməyi planlaşdırır: “Ağacəkmə aksiyalarının keçiriləcəyi ərazilər rayon icra hakimiyyətləri ilə birgə müəyyən ediləcək”.