HÜSEYN CAVİDİN ANADAN OLMASININ 122 – Cİ İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ ELMİ SESSİYA KEÇİRİLMİŞDİR
Görkəmli sənətkarın qızı Turan xanım Cavidin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Muzeyin direktoru, filologiya elmləri namizədi Gülbəniz Babaxanova tədbiri açaraq Hüseyn Cavid İrsinin qorunub saxlanılmasında muzeyin sabiq direktoru, mərhum Turan Cavidin əvəzsiz xidmətlərindən danışmış, qarşıdakı illərdə üzərinə düşən bu məsuliyyətli vəzifəni layiqincə davam etdirəcəyini vurğulamışdır.
Turan xanım Cavidin xatirəsinə ithaf olunmuş sessiyada Milli Məclisin deputatı, filologiya elmləri doktoru, AMEA-nın Nizami adına ədəbiyyat muzeyinin direktoru Rəfael Hüseynov “Sözümüzdə və düşüncəmizdə Hüseyn Cavid zirvəsi”, filologiya elmləri doktoru, MEA Nizami adına Ədəbiyyat İnstitutu direktorunun müavini Teymur Kərimov “Hüseyn Cavid yaradıcılığı və klassik irs”, muzeyin əməkdaşları- Çingiz Ələsgərov “Hüseyn Cavidin “Topal Teymur” əsəri haqqında düşüncələrim” və Nuranə Əsədullayeva “Hüseyn Cavidin “Azər” poemasında avtobioqrafik cizgilər” mövzusunda məruzə etmişlər.
Natiqlər XX əsr Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin tutduğu mövqedən ətraflı bəhs etmiş, əsərlərindəki böyük məna tutumundan, bəşəri hisslərdən, dramlarındakı romantik vüsətdən söz açmışlar.
Sessiyada qeyd olunmuşdur ki, Hüseyn Cavidin nəşinin Sibirdən doğma Vətənə ğətiriıməsi tədbirində iştirak edən Həmid Cəfərov bu işdə ulu öndərimiz Heydər Əliyevin qətiyyətini yüksək qiymətləndirmişdir.
Axırda Hüseyn Cavidin ailəsi adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıq bildirilmişdir.