İsmayıllı məktəbliləri Xocalı soyqırımı ilə bağlı kədər hisslərini qələmə alıblar
İsmayıllı, 21 fevral, AZƏRTAC
İsmayıllıda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində fevralın 21-də ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Xocalı faciəsi - Azərbaycanın qanlı tarixi” mövzusunda inşa yazı müsabiqə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, yazı müsabiqəsi rayon təhsil şöbəsi və gənclər və idman idarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra şagirdlər 1 saat ərzində Xocalı soyqırımı ilə bağlı kədər hissələrini qələmə alıblar.
Müsabiqə iştirakçısı, İsmayıllı şəhər 6 saylı tam orta məktəbin IX sinif şagirdi İsrailli Lamiyə AZƏRTAC-ın müxbirinə deyib: “Hələ kiçik yaşlarımdan Xocalı faciəsi barədə eşitmişəm. Artıq bu faciənin dəhşətlərini dərk edirəm. Erməni daşnakları nəinki torpaqlarımızı işğal edib, həm də bizə qarşı insanlığa yaraşmayan, vəhşi, qəddar münasibət bəsləyirlər. Axı, onlar nəyə görə uşaqlara, qocalara, qadınlara divan tutublar? Yazdığım inşada bu hisslərimi ifadə etməyə çalışmışam”.
Qeyd edək ki, yoxlamadan sonra komissiyanın yekun rəyinə görə üç ən yaxşı yazı işi rayon təhsil şöbəsi və gənclər və idman idarəsi tərəfindən mükafatlandırılacaq.