İsmayıllının Qarabağ qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
İsmayıllı, 22 fevral, AZƏRTAC
İsmayıllıda məcburi köçkünlərin məskunlaşdığı Qarabağ qəsəbəsində Xocalı faciəsinin 25-ci ildönümü izdihamlı mərasimlə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, qəsəbə sakinləri, o cümlədən Ağdam rayon 30 nömrəli tam orta məktəbin müəllim və şagirdləri İsmayıllıdakı “Ana harayı” abidəsini ziyarət ediblər.
Mərasimdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Məktəbin direktoru Zahid Namazov, dövlət qulluğu veteranı Valeh Salehov, müəllim Mürşüd Məmmədov çıxış edərək Xocalı faciəsinin dəhşətlərindən danışıblar. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə üç istiqamətdə Xocalıya basqın edib və görünməmiş qətliam törədiblər. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca vəhşicəsinə qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib.
Çıxış edənlər Xocalıdan olan məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə, qaçqınların öz dədə-baba yurdlarına qayıdacaqlarına əminliklərini bildiriblər.
Mərasimdə məktəblilərin ifasında Xocalı faciəsinə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.