Misirin internet qəzetində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar məqalə dərc edilib
Qahirə, 22 fevral, AZƏRTAC
Fevralın 21-də Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin bu ölkənin “Maən” internet qəzetində məqaləsi dərc edilib.
Məqalədə Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsi, torpaqlarının 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyondan çox qaçqın və məcburi köçkünün dədə-baba torpaqlarından didərgin salınması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində baş vermiş ən ağır hadisənin Xocalı soyqırımı olması barədə ətraflı məlumat verilib.
Məqalədə Xocalı soyqırımının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən törədildiyi, 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, 613 dinc sakinin amansızcasına qətlə yetirildiyi, 1000 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin itkin düşdüyü oxucuların diqqətinə çatdırılıb, soyqırımından öncə baş vermiş hadisələr və həmin faciənin nəticələri barədə müfəssəl məlumatlar təqdim edilib.
Həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasında 4 qətnamənin və digər beynəlxalq təşkilatlar tərəfindən isə çoxsaylı qərarların qəbul edildiyi bildirilib, bu qətnamə və qərarların Ermənistan tərəfindən icra edilmədiyi oxucuların diqqətinə çatdırılıb. Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya yayıldığı və bir sıra ölkələrin qanunverici orqanları tərəfindən bu soyqırımına hüquqi və siyasi qiymətin verildiyi vurğulanıb.
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq normalar, xüsusən də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həllinin vacibliyi önə çəkilib, Ermənistandan məsuliyyətdən boyun qaçırmamaq tələb edilib, münaqişənin həllinin qonşu dövlətlər arasında yaxşı əlaqələrin, habelə regionda inkişafın gələcəyi üçün yeganə ümid olduğu vurğulanıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə