Şirvanda “Unudulmaz yara” adlı rəsm sərgisi açılıb
Şirvan, 22 fevral, Mahir Babayev, AZƏRTAC
Şirvandakı Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar təşkil olunan “Unudulmaz yara” adlı rəsm sərgisində erməni cəlladlarının Xocalı sakinlərinə qarşı törətdikləri qanlı cinayət rəngli boyalarla tamaşaçılara çatdırılır.
AZƏRTAC xəbər verir ki, sərgidə şəhər rəssamlarının karandaş, kömür və sulu boya ilə işlənmiş 30-a yaxın rəsm əsəri nümayiş olunur.
Sərginin açılış mərasimində çıxış edən mərkəzin direktoru Aynur Fərzəliyeva və digər çıxış edənlər 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri soyqırımından danışıb, bu qətliamın bəşər tarixinin ən dəhşətli cinayətlərindən biri olduğunu qeyd ediblər. Bildirilib ki, ermənilər tərəfindən törədilən bu qətliam təkcə xocalılılara deyil, bütün bəşəriyyətə qarşı törədilən soyqırımı aktıdır.
Çıxışlardan sonra sərgi ilə tanışlıq olub.
Sərgi fevralın 24-dək davam edəcək.