QAN YADDAŞI
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Ombudsman növbəti tədbir təşkil edib
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilən tədbir keçirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Ombudsman Elmira Süleymanova, Milli Məclisin deputatı Jalə Əliyeva, Liderlik Məktəbinin üzvləri, valideynlər və müəllimlər iştirak ediblər.
E.Süleymanova çıxış edərək Xocalı soyqırımının 25-ci ildönümü haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən mühüm tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev ilk dəfə Xocalı soyqırımının əsl mahiyyətini açıqlayıb, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. Dövlətimizin başçısı hər zaman Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır, soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edir. Ombudsmanın Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar bəyanatının ölkəmizdə yayıldığı, habelə xaricdə nüfuzlu beynəlxalq qurumlara, müxtəlif ölkələrin ombudsmanlarına, səfirliklərə və diaspor təşkilatlarına göndərildiyi diqqətə çatdırılıb.
Milli Məclisin deputatı Jalə Əliyeva çıxış edərək xalqımızın qan yaddaşı olan Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı ölkəmizin hər yerində anım mərasimlərinin, konfransların, tədbirlərin keçirildiyini vurğulayıb. O qeyd edib ki, artıq bir sıra ölkə parlamenti Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanıyıb.
Liderlik Məktəbinin yetirmələri məlumat veriblər ki, bir müddət əvvəl Ombudsman Azərbaycan həqiqətlərini Xocalı faciəsinin ildönümü ərəfəsində uşaqların öz müraciətləri ilə dünya ictimaiyyətinə, o cümlədən BMT baş katibinin müavini, uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsinə çatdırmaq məqsədilə uşaqlar arasında kütləvi imzatoplama kampaniyası keçirib. “Biz sülh elçisiyik! Bizə qoşulun!” devizi ilə aparılan ümumrespublika aksiyası çərçivəsində ölkəmizin müxtəlif guşələrində yaşayan və təhsil alan 310 mindən artıq məktəblinin, o cümlədən qaçqın və məcburi köçkün uşaqların imzaları toplanıb, imza vərəqələri BMT-nin baş katibinin müavini, uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsinə göndərilib və bu kampaniyada Liderlik Məktəbi yetirmələrinin fəal iştirakı olub.
Tədbirdə Hərbi Prokurorluğun sifarişi əsasında Müdafiə Nazirliyinin Xocalı soyqırımı ilə bağlı hazırladığı film, habelə mərhum şairəmiz Nurəngiz Günün bu faciə ilə bağlı poeması əsasında çəkilmiş videofilm nümayiş etdirilib.