Yeni ilin ilk günündə ölkə ərazisində hava mülayim olacaq
Bakı, 30 dekabr, AZƏRTAC
Dekabrın 30-dan 31-nə keçən gecə respublikanın şərq rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacağı, dekabrın 31-də günün ikinci yarısında isə kəsiləcəyi gözlənilir. Yeni ilin ilk günündə isə ölkədə kifayət qədər yumşaq, küləksiz hava şəraitinin müşahidə olunacağı, temperaturun 14°-yə yaxınlaşacağı proqnozlaşdırılır. Yanvarın 2-də də havanın yağmursuz və mülayim olacağı ehtimalı var. Bu da təbiətə səyahət üçün əlverişli fon və yüksək əhval - ruhiyyə yaradacaq. İlkin proqnozlara görə, yanvarın 3-dən 5-dək ölkə ərazisində havanın temperaturunun 3-4° enəcəyi, yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərə isə qar yağacağı proqnozlaşdırılır. Yanvarın 6-dan ölkə ərazisində hava şəraitinin yenidən mülayimləşəcəyi və yağmursuz keçəcəyi ehtimal edilir.
AZƏRTAC xəbər verir ki, bu məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva dekabrın 30-da keçirilən mətbuat konfransında verib.
“Azərbaycanda ziyarət üçün kifayət qədər gözəl məkanlar mövcuddur. Məsələn, Avropanın ən böyük ceyran populyasiyası olan Şirvan Milli Parkını nümunə göstərmək olan. Hələ qədim dövrlərdən şairlərimizim şeirlərində tərənnüm olunan, təbiətimizə gözəlliyi və zərifliyi ilə xüsusi yaraşıq verən heyvanları seyr edə bilərsiniz. Şirvan Milli Parkında havanın temperaturu 10-13° isti təşkil edəcək. Qeyd etmək istərdim ki, parka nəqliyyat vasitələri ilə daxil olmaq da olar.
Bildiyiniz kimi hazırda quşların miqrasiya dövrü bitib və on minlərlə, yüz minlərlə quş ölkəmizə qışlamağa gəlib. Onların qışlama ərazisi Ağgöl və Qızılağac milli parklarıdır. Flaminqoların gözəlliyi sizi heyran edəcək. Quşları seyr etmək üçün müşahidə vasitələri də var. Havanın temperaturu bu ərazidə 10-14°-yə yaxın olacaq.
Göygöl, istər yay olsun, istər qış fəsli, həmişə gözəldir. Yayda yaşıl olan meşələrimiz indi sarı və qırmızı rəngdə boyanıb. Səyahətçiləri Göygöl və Maralgölün gözəlliyi valeh edəcək. Havanın temperaturu burada 9-11° isti, gecəyə doğru isə 2° şaxta olacaq.
Qar və qış istirahət növlərinin həvəskarları isə Şahdağ Milli Parkını ziyarət edə bilərlər. Gündüz saatlarında orada havanın temperaturunun 0-5° isti, gecə isə 3-8° şaxtaya yaxın olacağı gözlənilir. Şahdağ ziyarətçiləri üçün ən yaxşı sürpriz isə əraziyə gətirilən zubrlar və yeni dünyaya gətirilmiş zubr balası olacaq ki, onu da “Şahzubar” adlandırıblar.
Qeyd etmək istəyirəm ki, bayram günləri bütün milli parklara ziyarət pulsuz olacaq. Bir sözlə, sizləri evdə oturmamağa və aktiv istirahətə dəvət edirik. Xoş hava şəraiti buna imkan verəcək”, - deyə U.Tağıyeva bildirib.
Departamentin direktorunun sözlərinə görə, son 20 ildə Bakı və Abşeron ərazisində Yeni il ərəfəsində dekabrın 31-də yalnız 4 dəfə 2006, 2008, 2012, 2015-ci illərdə sulu qar və qar müşahidə olunub. Yanvarın 1-də isə 3 dəfə, yəni 2007, 2009, 2016-cı illərdə qar yağıb. 2009-cu ildə hətta hündürlüyü 14 santimetr olan qar örtüyü əmələ gəlib ki, bu da Bakı üçün nadir hadisədir.
Hazırda dünyada iqlim dəyişiklikləri baş verdiyini xatırladan U.Tağıyeva, bildirib ki, Dünya Meteorologiya Təşkilatının məlumatına görə, qarlı günlərin sayı azalır, buzlaqlar əriməkdə davam edir, quraqlıq dövrü uzanır və s. “Azərbaycanda da isti günlər artmaqla, şaxtalı günlərin sayı azalır, Çaylarımızı qidalandıran qar örtüyü dağlarda azalır. Biz çox istərdik ki, 2020-ci ildə və növbəti illərdə suya həssaslıqla yanaşaq. Çünki su təbiətin bizə bəxş etdiyi sərvətdir. Bir çox ölkələr susuzluqdan böyük əziyyət çəkir. Biz də gündəlik həyatımızda sudan səmərəli istifadə etməliyik. Hamımız dəyişən iqlim şəraitinə uyğunlaşmalıyıq”, - deyə o ictimaiyyətə müraciət edib.