Astarada “Turizm sənayesi üçün peşəkar gənclərin hazırlanması” layihəsinin icrasına başlanılmışdır
Astara, 6 oktyabr (AZƏRTAC). Astara şəhərində “Turizm sənayesi üçün peşəkar gənclərin hazırlanması” layihəsinin icrasına başlanılmışdır.
Layihənin məqsədi ölkəmizdə turizm sənayesi üçün gənclər arasından rəqabətədavamlı peşəkar kadrlar seçmək və hazırlamaq, onların peşəkarlığını artırmaqla məşğulluğunu təmin etmək, bu sahədə sahibkarlığın inkişafına dəstək olmaqdır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Şəfəq” Ekoturizm İctimai Birliyi tərəfindən 5 ay müddətində həyata keçiriləcək layihədə nəzərdə tutulan təlimlərdə iştirak etmək üçün 17-29 yaşarası 36 gənc seçiləcəkdir. Bu seçim hər qrupda 18 nəfər olmaqla, iki qrup üzrə həyata keçiriləcəkdir.
Layihə çərçivəsində 18 gəncdən ibarət qrup üçün “Bələdçi xidməti sahəsində peşəkar gənclərin hazırlığı” mövzusunda 5 günlük təlimin noyabrın 2-dən 6-dək Qəbələ rayonunda, 18 nəfərdən ibarət digər qrup üçün “Qeydiyyatçı xidməti sahəsində peşəkar gənclərin hazırlığı” mövzusunda 5 günlük təlimin noyabrın 30-dan dekabrın 4-dək Lerik rayonunda həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Layihədə nəzərdə tutulan təlimlərin mahiyyətini gənclərə aşılamaq, təlimlərdə onların iştirakını təmin etmək məqsədi ilə Astara Rayon Mərkəzi Kitabxanasında müxtəlif təbəqələrdən olan gənclərlə görüş keçirilmişdir.
Tədbirdə çıxış edənlər cənub bölgəsinin turizm potensialı və bu sahənin inkişaf perspektivləri ilə əlaqədar qarşıda duran vəzifələrdən danışmış, yeni layihənin bölgədə ekoturizmin inkişafına təkan verəcəyinə əminliklərini ifadə etmişlər.
Tədbirin sonunda Qəbələ və Lerik rayonlarında keçiriləcək xüsusi təlimlərdə iştirak etmək arzusunda olan gənclərə müvafiq ərizə formaları verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.