Azərbaycan “İnternational Ukraine travel market” turizm sərgisində
Bakı, 12 oktyabr (AZƏRTAC). Oktyabrın 11-də Ukraynanın paytaxtı Kiyev şəhərində “İnternational Ukraine travel market” Beynəlxalq turizm sərgisi açılmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 13-dək davam edəcək sərgidə Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunur.
Nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev, tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu və Gəncə Şəhər Turizm İnformasiya Mərkəzinin direktoru Cumalik Rəhimov daxildirlər.
Həmçinin sərgidə Azərbaycanın 7 turizm şirkəti, o cümlədən “Geo Travel”, “Gilan Tourism”, “Millennium Tourism and Congress DMC”, “Regea travel”, “Billur tour”, “Granit AS” və “Safe Way” şirkətləri təmsil olunurlar.
Sərgidə respublikamızın turizm imkanlarını əks etdirmək məqsədilə 48 kvadratmetr sahədə xüsusi pavilyon quraşdırılmışdır. Burada sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanılmaq üçün ingilis, rus və Ukrayna dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları nümayiş olunur.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və turizm şirkətlərimiz artıq beşinci dəfədir ki, “İnternational Ukraine Travel market” Beynəlxalq turizm sərgisində iştirak edirlər.