Azərbaycanda turizm xidmətlərindən istifadə edənlərin sayı artmışdır
Bakı, 28 oktyabr (AZƏRTAC). Azərbaycanda fəaliyyət göstərən mehmanxanaların xidmətindən istifadə edənlərin sayı da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 48,2 faiz artmışdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Bakı şəhərindəki mehmanxanalarda 9790, regionlardakı mehmanxanalarda isə 22 min 60 yer mövcuddur. Ölkədə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi və turizm infrastrukturunun sürətli inkişafı nəticəsində mehmanxanaların xidmətlərindən istifadə edən xarici ölkə vətəndaşlarının sayında daha çox artım müşahidə olunmuşdur.
Turistlərin 50,3 faizi işgüzar, 40,2 faizi istirahət və əyləncə, qalanları digər turizm məqsədilə Azərbaycana səfər etmişlər. Bakı, Naxçıvan Muxtar Respublikası, Quba, Şəki, Xaçmaz, Şamaxı, Masallı, Qəbələ, İsmayıllı, Abşeron, Lənkəran rayonları və Sumqayıt şəhərinə istirahət etmək məqsədilə səfər edən turistlərin sayı digər rayon və şəhərlərlə müqayisədə çox olmuşdur. Yerli turistlərin 57,3 faizini Bakı şəhərinin sakinləri təşkil etmişlər.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il otellərin əldə etdikləri gəlir 36,9 faiz artaraq 68,8 milyon manat olmuşdur. Gəlirlərin 75,2 faizi nömrələrin, 15,4 faizi qida məhsullarının satışından, qalanı isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
Mehmanxanalarda çalışan işçilərin orta siyahı sayı da ötən ilin müvafiq dövrü ilə müqayisədə 697 nəfər artaraq 6013 nəfərə çatmışdır. Bir işçiyə düşən orta aylıq əmək haqqının məbləği isə 317 manat təşkil etmişdir.