Bakıda Fransa kurortlarının təqdimatı keçirilmişdir
Bakı, 12 oktyabr (AZƏRTAC). Oktyabrın 12-də “Park İnn” otelində “Atout France” turizm agentliyinin Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri üçün Fransa kurortlarının təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə “Atout France” agentliyinin Rusiya nümayəndəliyinin kommersiya məsələləri üzrə meneceri Anastasiya Kurçevskaya agentliyin fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.
A.Kurçevskaya 1987-ci ildən fəaliyyət göstərən “Atout France” agentliyinin Fransanın aparıcı turizm şirkətləri ilə MDB ölkələrində fəaliyyət göstərən turizm şirkətlərinin işçi görüşlərini təşkil edərək onların arasında əlaqə yaratdığını qeyd etmişdir.
Fransanın dünyada ən çox turist cəlb edən ölkə olduğunu vurğulayan natiq, ölkənin turizm regionları haqqında geniş məlumat vermişdir.
Bildirilmişdir ki, Fransanı daha yaxından tanıtmaq məqsədi ilə onlayn təhsil layihəsinə başlanılmışdır. www.formation.franceguide.com saytında qeydiyyatdan keçərək təhsil almaq mümkün olacaqdır. Təhsili uğurla başa vuranlara Fransa üzrə mütəxəssis olduğunu təsdiqləyən diplom təqdim ediləcəkdir.
Eyni zamanda, Fransanın turizm potensialı haqqında yeni sayt - ru.rendezvousenfrance.com turizm şirkətlərinə təqdim edilmişdir.
Qeyd edilmişdir ki, saytda göstərilmiş kartlarla, marşrutlarla, bayramlarla, festivallarla ölkə haqqında ümumi informasiya ilə yanaşı, agentliyin işlədiyi turizm şirkətləri haqqında ətraflı məlumat əldə etmək mümkündür.
Tədbirdə Fransada fəaliyyət göstərən turizm şirkətləri, otellər, istirahət zonaları və dağ-xizək kurortlarının nümayəndələri Azərbaycan ilə turizm sahəsində əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulamış, geniş təqdimatla çıxış edərək təkliflərini səsləndirmişlər.