ESTONİYA AZƏRBAYCAN İLƏ ƏMƏKDAŞLIĞIN İNKİŞAF ETDİRİLMƏSİNƏ BÖYÜK MARAQ GÖSTƏRİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Elmar Məmmədyarov ölkəmizin Estoniya, həmçinin digər Baltikyanı ölkələrlə münasibətlərinə böyük qiymət verdiyini qeyd edərək, Azərbaycanın da Avropa və Avratlantika strukturlarına inteqrasiya yolunu tutduğunu və bu istiqamətdə bir çox sahələrdə islahatlar apardığını bildirmişdir.
Demokratiyanın inkişafının ölkəmiz üçün əhəmiyyətli olduğunu vurğulayan nazir, bu prosesin respublikamızda uğurla aparılması üçün beynəlxalq təşkilatlar qarşısında Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini və səylərin gələcəkdə də davam etdirəcəyini xüsusi vurğulamışdır.
Azərbaycanda sosial-siyasi və iqtisadi vəziyyət barədə qonaqlara məlumat verən nazir, ölkəmizin iqtisadiyyatının sürətlə inkişaf etdiyini onların diqqətinə çatdırmışdır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin gələn il istifadəyə veriləcəyindən söhbət açan nazir, inşası yaxın vaxtlarda reallaşdırılacaq Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də ölkəmizin Avropa bazarlarında möhkəmlənməsinə imkan verəcəyini diqqətə çatdırmışdır.
Qeyri-neft sektorunun inkişafı ilə bağlı bir çox layihələrin də həyata keçirildiyini bildirən xarici işlər naziri, bu sahənin tərəqqisi üçün əksər Avropa ölkələri ilə əməkdaşlığın genişləndirildiyini qeyd etmişdir. Təkcə Azərbaycan üçün deyil, ümumilikdə regionun inkişafına maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan nazir Elmar Məmmədyarov, ölkəmizin problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu və bu istiqamətdə qarşı tərəflə danışıqların tezliklə davam etdirilməsinin vacibliyini söyləmiş, həmçinin bu danışıqların Ermənistan tərəfinin xahişi ilə müəyyən müddətə dayandırıldığını da qonaqların diqqətinə çatdırmışdır.
Azərbaycana ilk dəfə səfər etdiyini bildirən qonaq, ölkəmizdə sürətli iqtisadi inkişafın diqqəti cəlb etdiyini, Estoniyanın da 14 ilə yaxın bir müddət ərzində bu istiqamətdə böyük işlər apardığını bildirmişdir. Cari ilin ölkəsi üçün çox vacib olduğunu vurğulayan Marko Mihkelson, Avropa Birliyi və NATO-nun üzvü kimi, bundan sonra Estoniyanın üzərinə daha böyük məsuliyyət düşdüyünü diqqətə çatdırmışdır. Avropa Birliyinin Cənubi Qafqaza marağının gələcəkdə daha da genişlənəcəyindən əminliyini ifadə edən qonaq, hər iki tərəfin bu istiqamətdə əməkdaşlığı davam etdirməsinin vacibliyini xatırlatmışdır.