Kəlağayı əsrlərdən bəri qorunub saxlanılan sənət incisidir
İsmayıllı, 11 oktyabr (AZƏRTAC). Zəngin flora və faunaya malik olan İsmayıllı rayonunun Basqal qəsəbəsi həm də mədəniyyət abidələri ilə tanınır.
AZƏRTAC xəbər verir ki, bu səbəbdən son illərdə qəsəbəyə gələn xarici və yerli turistlərin sayı nəzərəçarpacaq dərəcədə artmışdır. Bu, bir tərəfdən ölkəmizdə turizmin inkişafına göstərilən dövlət qayğısının, bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidirsə, digər tərəfdən qədim sənətkarlıq mərkəzi olan Basqalda kəlağayı və digər toxumalar olan sənət incilərinin indi də yaşadılması ilə əlaqədardır.
Məhz buna görə Basqala səfər edən hər bir qonaq ilk növbədə qəsəbədəki “İpək mərkəzi”nə gəlir, babalarının sənətini davam etdirən Abbasəli Talıbovun boyaq sexində olur, onun taxta qəlblərlə bəlgə, cır alma, palıd və digər ağacların qabığından, bəzi bitkilərdən hazırlanmış təbii boyaqlarla vurduğu incə naxışlara heyranlıqla tamaşa edir. Burada Basqal kəlağayısının tarixini özündə yaşadan muzey hər kəsdə qədim sənət nümunəsinin ecazkarlığı barədə hərtərəfli təsəvvürlər yaradır.
Basqal qəsəbəsi xalq sənətkarlığının qoruyub saxlandığı və bugünədək yaşadılan sənətkarlıq mərkəzlərindəndir. Hələ XII-XIII yüzilliklərdə Şirvan şəhərləri, xüsusilə də Şamaxı özünün və ətraf yaşayış məntəqələrində istehsal olunan ipək məmulatları ilə böyük şöhrət qazanmışdı. Burada hazırlanan müxtəlif çeşidli kəlağayılar, qanovuz, tafta, darayı, mov, cecim,və s. parçalar xarici bazarlarda və beynəlxalq sərgilərdə yüksək qiymətləndirmişdir.
Bu məhsullar arasında kəlağayı daha çox şöhrət qazanmışdır. O zaman kəlağayılar Azərbaycanın Təbriz, Gəncə, Şamaxı, Şəki, Ordubad kimi şəhərləri ilə yanaşı, Basqalda da hazırlanırdı. Tarixi mənbələrdə orta əsrlərdə Gəncə və Basqal kəlağayılarının xarici ölkələrə ixrac olunduğu bildirilir.
1293-cü ildə Azərbaycanda olmuş venesiyalı səyyah Marko Polo Şirvanla əlaqədar xatirələrində yazırdı: “Burada şəhər və qalalar olduqca çoxdur, çoxlu ipək var. Burada olan ipək və zərxara parçaları dünyanın heç bir yerində görməzsən”.
Həmin vaxtdan, xüsusən XVII , XVIII və XIX əsrlərdə Şirvan, o cümlədən Basqal ustalarının istehsal etdikləri ipək məmulatları Azərbaycanın sərhədlərini aşaraq Hindistan, Orta Asiya, Rusiya, İtaliya, İngiltərə, Fransa və digər ölkələrə qədər gedib çıxmışdır.
1862-ci ildə Londonda keçirilən ümumdünya sərgisində ilk dəfə olaraq Azərbaycan da təmsil olunmuşdur. Həmin sərgidə nümayiş etdirilən Basqaldan olan sənətkar Nəsir Abduləziz oğlunun hazırladığı nəfis kəlağayı və zərif qanovuz parça gümüş medal və diplomla mükafatlandırılmışdır.
Basqal sənətkarları tərəfindən toxunan kəlağayılar yaşa və zövqə görə müxtəlif təbii rənglərlə boyanırdı. “Heyratı”, “Hələbi”, “Gülvəndi”, “Qonşuçatladan”, “Bağdadı”, “Şamaxı” və s. kimi əlvan kəlağayılar və kustar üsulla hazırlanmış qadın baş geyimləri, bahalı və ucuz parçalardan tikilmiş müxtəlif rəngli çadra və ya çarşablar Ön Asiya, ərəb ölkələri və Azərbaycanda şəhərli geyimi kimi tanınmışdır.
Azərbaycan mədəniyyəti növlərindən olan “Azərbaycan kəlağayısı sənəti və simvolikası”nın UNESCO-nun Qeyri-maddi irsin reprezentativ siyahısına daxil olunması ilə əlaqədar görülən işlər ölkəmizdə qədim el sənətinə, mədəni irsimizə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Adil Ağayev
AZƏRTAC-ın müxbiri