Macarıstan Azərbaycan ilə turizm sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
Budapeşt, 5 oktyabr (AZƏRTAC). Macarıstan Azərbaycan ilə turizm sahəsində əlaqələrini genişləndirmək niyyətindədir.
Bu sahədə imkanları araşdırmaq, respublikamızın turizm obyektləri ilə tanış olmaq və qarşılıqlı fikir mübadiləsi aparmaq məqsədilə Macarıstanın aparıcı turizm şirkətlərinin nümayəndələrindən, habelə turizm mövzusunda yazan jurnalistlərdən ibarət 15 nəfərlik qrup oktyabrın 6-dan 10-dək Azərbaycanda olacaqdır.
Bakıya yola düşməmişdən əvvəl Azərbaycanın Budapeştdəki səfirliyinə gələn jurnalistlər və turizm şirkətlərinin rəhbərləri bu səfərin onlar üçün yalnız ölkəmizin turizm imkanlarını araşdırmaq deyil, həm də Azərbaycan həqiqətlərini öyrənmək və yaymaq baxımından əhəmiyyətli olacağını bildirmişlər. Səfər müddətində macar qonaqlar Mədəniyyət və Turizm Nazirliyində, habelə bir sıra turizm şirkətlərində görüşlər keçirəcək, Bakının görməli yerlərini və turizm obyektlərini gəzəcəklər. Onlar həm də Quba rayonundakı Xınalıq kəndinə və Qırmızı qəsəbəyə, İsmayıllı rayonunun Lahıc qəsəbəsinə səfər edəcəklər.
Turizm mövzusu gələn həftə Budapeştdə keçiriləcək Azərbaycan-Macarıstan Hökumətlərarası İqtisadi komissiyanın 3-cü iclasında və hər iki ölkənin iş adamlarının qatılacaqları biznes forumda da diqqət mərkəzində olacaqdır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt